Akademik Akif Əlizadə “Elektron Naxçıvan-10: təhsil prosesinin təkmilləşdirilməsində İKT-nin rolu” konfransında çıxış edib 2015-07-09 09:32:16 / KONFRANSLAR

İyulun 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində “Elektron Naxçıvan-10: təhsil prosesinin təkmilləşdirilməsində informasiya-kommunikasiya texnologiyalarının rolu” mövzusunda beynəlxalq konfrans keçirilib. AMEA prezidenti, akademik Akif Əlizadənin konfransdakı çıxışını təqdim edirik.

 

Bu gün biz bu qədim və gözəl Naxçıvan torpağında “Elektron Naxçıvan”ın 10-cu konfransına toplaşmışıq. Bu, həm də bir yubiley tədbiridir. Bu münasibətlə hamınızı təbrik edirəm!

 

“Elektron Azərbaycan”ın tərkib hissəsi olan “Elektron Naxçıvan” 10 il ərzində şərəfli inkişaf yolu keçmişdir. Bu layihə çərçivəsində Muxtar Respublikada informasiya cəmiyyətinin formalaşdırılması və inkişafı istiqamətində mühüm işlər həyata keçirilmiş, böyük nailiyyətlər əldə edilmişdir. Bütün iqtisadi və sosial sahələrdə keyfiyyətli İKT infrastrukturu yaradılmış, genişzolaqlı İnternet təmin edilmişdir.

 

Rəsmi statistikaya əsasən, Naxçıvan Muxtar Respublikası intellektual potensialına və informasiya-kommunikasiya texnologiyalarının infrastruktur göstəricilərinə görə ölkənin iqtisadi rayonları arasında ən yüksək göstəriciyə malikdir. Bu fakt dediklərimi bir daha təsdiq edir.

 

“Elektron Naxçıvan” çərçivəsində keçirilən konfranslarda həmişə informasiya cəmiyyətinin inkişafı baxımından aktuallıq kəsb edən elmi-praktiki məsələlər müzakirə edilmiş, mühüm qərarlar qəbul olunmuşdur.

 

Bölgənin əsas elm-təhsil ocağı olan Naxçıvan Dövlət Universiteti İKT-nin yüksək səviyyədə tətbiq edildiyi nümunəvi ali məktəbə çevrilmiş və “Elektron Naxçıvan”ın inkişafında mühüm rol oynamışdır.

 

Naxçıvan Muxtar Respublikasında İKT sektorunun inkişafı, bütövlükdə bu bölgədə sürətli sosial-iqtisadi inkişafa, o cümlədən təhsilin, səhiyyənin, digər sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsinə təkan vermişdir.

 

Məhz “Elektron Naxçıvan” çərçivəsində əldə edilən nailiyyətlər hesabına blokada şəraitində yaşayan, hamıya məlum olan səbəblərdən Azərbaycanın əsas hissəsi ilə əlaqəsi kəsilən Muxtar Respublikanın qlobal virtual məkana çıxması üçün imkan yaradılmışdır.

 

Əlbəttə, bütün bu nailiyyətlərin əldə edilməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, millət vəkili, cənab Vasif Talıbovun böyük xidmətləri vardır. Mən fürsətdən istifadə edərək, bütün bunlara görə Vasif müəllimə öz dərin təşəkkürümü bildirirəm.

 

“Elektron Naxçıvan” layihəsi çərçivəsində konfransların və digər layihələrin həyata keçirilməsinə Azərbaycan Milli Elmlər Akademiyası, xüsusən, İnformasiya Texnologiyaları İnstitutu elmi-texniki və təşkilati dəstək vermişdir. Biz gələcəkdə də bu istiqamətdə öz köməyimizi, dəstəyimizi əsirgəməyəcəyik, bu bölgənin inkişafı naminə əməkdaşlığımızı daha da genişləndirəcəyik.

 

Bildiyiniz kimi, Azərbaycanda informasiya cəmiyyəti quruculuğunun ilkin – formalaşma mərhələsi artıq başa çatmış, növbəti inkişaf mərhələsinə qədəm qoyulmuşdur. İnformasiya cəmiyyəti quruculuğunun bu mərhələsində əsas vəzifə bütün fəaliyyət sahələrində virtual münasibətlərin formalaşdırılması və inkişafına nail olmaqdır.

 

Nəzərə alsaq ki, bu gün Naxçıvan blokada şəraitində yaşayır, deməli, bu bölgənin Azərbaycanın digər hissəsi və beynəlxalq aləmlə sıx münasibətlərinin təmin edilməsinin əsas yolu məhz virtual əlaqələrin inkişaf etdirilməsidir. Bu istiqamətdə indiyə kimi görülən işlər təqdirəlayiqdir və bundan sonra da müvafiq işlər yüksək templə davam etdirilməlidir.

 

Ölkəmizin yaxın gələcək üçün inkişaf prioritetlərini müəyyən edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası qəbul edilmişdir. Bu Konsepsiyada informasiya cəmiyyətinin inkişaf etdirilməsi əsas prioritetlərdən biri kimi öz əksini tapmışdır. “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” da məhz bu istiqamətdə  vəzifələrin yerinə yetirilməsi üzrə dövlətin siyasətini əks etdirir, əsas məqsəd və vəzifələri, fəaliyyətin əsas istiqamətlərini müəyyənləşdirir.

 

Milli Strategiyaya uyğun olaraq, “Elektron Naxçıvan”ın üzərinə də mühüm vəzifələr düşür. O cümlədən İKT infrastrukturunun və xidmətlərinin genişləndirilməsi, hər bir dövlət, elm, təhsil, səhiyyə, biznes və digər qurumların, eləcə də, hər bir ailənin, vətəndaşın sürətli, keyfiyyətli, ucuz və təhlükəsiz İnternetlə təmin edilməsi – elektron dövlətin, elektron elmin, elektron təhsilin, elektron səhiyyənin, elektron kommersiyanın, elektron vətəndaşın inkişafı əsas vəzifələrdəndir.

 

İnformasiya cəmiyyətinin inkişafına xidmət edən digər bir vacib məsələ rəqabətədavamlı biliklər iqtisadiyyatının formalaşdırılmasıdır. Bunun üçün isə müasir dünyanın çağırışlarına, tələblərinə uyğun olaraq, innovativ mühit formalaşdırılmalı, elm və təhsilin inteqrasiyası təmin edilməlidir. Naxçıvan da bu inteqrasiya prosesində aktiv iştirak etməlidir.

 

AMEA da öz fəaliyyətində elm və təhsilin inteqrasiyası məsələlərinə, bu sahədə beynəlxalq və regional əməkdaşlığa xüsusi diqqət yetirir.

 

Daha bir mühüm vəzifə Naxçıvanın qədim və zəngin tarixi, coğrafiyası, həqiqətləri, tarixi şəxsiyyətləri, maddi-mənəvi sərvətləri ilə bağlı məlumatların virtual mühitə daxil edilməsi ilə bağlıdır. Müxtəlif peşə sahəsini təmsil edən mütəxəssislər bu işə öz töhfələrini verməlidirlər.

 

Bildiyiniz kimi, hazırda ölkəmizə qarşı geniş informasiya müharibəsi aparılır. Bədxah qonşularımız tarixi həqiqətlərimizi saxtalaşdırmağa cəhd edir, Naxçıvana qarşı ərazi iddiaları irəli sürür, maddi-mədəni irsimizə sahib çıxmağa çalışırlar. Belə bir şəraitdə Naxçıvanın ziyalıları səfərbər olmalı, informasiya müharibəsinin əsgərlərinə çevrilməli, virtual mühitdə milli maraqlarımızı layiqincə qorumağa qadir olmalıdırlar.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024