AMEA üzrə Elektron elmin inkişafına dair Fəaliyyət Planı təsdiq olunub 2015-07-09 09:16:32 / KONFRANSLAR

Elektron dövlətin seqmentlərindən biri olan Elektron elm AMEA-nın institut və təşkilatlarının, eləcə də respublikanın digər elmi qurumlarının fəaliyyətinin səmərəliliyini yüksəltmək məqsədi daşıyaraq, onların müasir İKT-nin tətbiqi ilə yenidən qurulması və vahid bir onlayn elmi infrastrukturun formalaşdırılması üçün nəzərdə tutulur.

 

Bu fikirləri AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev AMEA Rəyasət Heyətinin iclasında 2015-ci il üçün AMEA üzrə Elektron elmin inkişafina dair Fəaliyyət Planı haqqında çıxışı zamanı səsləndirib.

 

“Son zamanlar informasiya texnologiyalarının elmi fəaliyyətin müxtəlif istiqamətlərində tətbiq olunması ilə bağlı kompleks işlər həyata keçirilir”, - deyə bildirən R.Əliquliyev Elektron elmin formalaşması və inkişaf etdirilməsi istiqamətindəki tədbirlərin Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən qəbul olunmuş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” və Milli Strategiyanın icrası üzrə Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar olduğunu bildirib. Müasir dövrdə ən son texnologiyalar əsasında elmin informasiya təminatının formalaşdırılması və elmdə idarəedici qərarların qəbul edilməsinə dəstəyin təmin olunmasına böyük ehtiyac duyulduğunu deyən R.Əliquliyev AMEA-nın Ümumi Yığıncağının 29 aprel 2014-cü il tarixli iclasında akademiyada Elektron elmin inkişafı ilə bağlı tədbirlərin görülməsi istiqamətində qərar qəbul olunduğunu xatırladıb.

 

Alim 2014-cü il üçün AMEA üzrə “Elektron elmin monitorinqi” informasiya sisteminin yaradılması və müvafiq indikatorlar üzrə analizin aparılması kimi bir çox işlərin həyata keçirildiyini diqqətə çatdırıb.

 

AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Elektron elmin texnoloji platforması olan AzScienceNet elm-kompüter şəbəkəsinin (EKŞ) infrastrukturunun 95 faizinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) dəstəyi ilə fiber-optik kabel əsasında qurulduğunu, texniki imkanlarının artırılmasından sonra İnternetə çıxış sürətinin 270 Mbit/san-ə çatdırıldığını və 4000-dən çox fərdi kompüterin bu şəbəkəyə qoşulduğunu söyləyib. Bildirib ki, hazırda şəbəkənin Data Mərkəzinin hesablama gücü 14 teraflops, yaddaşının həcmi isə 200 terabayt təşkil edir.

 

Akademik AzScienceNet şəbəkəsinin fasiləsiz istismarı və inkişafının təşkili, Data Mərkəzin istismarı, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və maddi-texniki bazasının gücləndirilməsi, AMEA üzrə böyük hesablama gücünə və yaddaş resurslarına tələbatı olan elmi araşdırmalara İnternet üzərindən bulud servislərinin göstərilməsi, o cümlədən AMEA üzrə Wi-Fi və Eduroam şəbəkə infrastrukturunun genişləndirilməsi, AMEA-nın regional elmi bölmə və mərkəzlərində distant tədris mərkəzlərinin yaradılması və onların fəaliyyətinin dəstəklənməsi istiqamətlərində planlaşdırılmış işlərin AMEA üzrə Elektron elmin inkişafına dair Fəaliyyət Planında öz əksini tapdığını söyləyib. Qeyd edib ki, AMEA çərçivəsində AzScienceNet üzərindən “Elm TV” İnternet televiziyasının daxili şəbəkəsinin yaradılması və elmi müəssisə və təşkilatların veb-resurslarının Data Mərkəzdə saxlanılması, o cümlədən hostinq xidmətlərinin dəstəklənməsi və digər istiqamətlərdə məqsədyönlü tədbirlər həyata keçirilir.

 

Müxtəlif təyinatlı informasiya sistemlərinin yaradılması məsələsinə toxunan R.Əliquliyev AMEA-nın bu istiqamətdə fəaliyyətini daha da genişləndirdiyini qeyd edib. AMEA-nın elmi müəssisə və təşkilatları, ictimai qurumlarının veb-resurslarının yaradılması işlərinin davam etdirildiyini və bu resurslarının monitorinqinin aparılaraq onlara elmi-metodiki və texnoloji dəstəyin həyata keçirildiyini vurğulayıb.

 

Bildirilib ki, AMEA-nın elmi müəssisə və təşkilatlarının inzibati-təsərrüfat fəaliyyətinin informasiyalaşdırılması üçün proqram sistemlərinin işlənilməsi, doktoranturaya qəbul və minimum imtahanlarının test texnologiyaları əsasında hazırlanması üçün proqram məhsullarının işlənilməsi, elektron sənəd dövriyyəsi sisteminin yaradılması, o cümlədən respublika elmi-tədqiqatlarının əlaqələndirmə şurası və onun elmi şuraları üçün informasiya sistemlərinin yaradılması görüləcək işlər sırasındadır.

 

AMEA-nın fəaliyyət göstərdiyi 70 il ərzində çoxsaylı arxiv materiallarının toplandığını nəzərə çatdıran akademik bu foto, audio və video materialların pərakəndə xarakter daşıdığını qeyd edərək bu gün müasir İKT vasitələri ilə onların vahid bir resursa çevrilməsi, idarə olunması, axtarışının sürətli həyata keçirilməsi, keyfiyyətli saxlanılmasının zəruriliyini vurğulayıb. Bu məqsədlə AMEA üzrə foto, video və audio materialların AzScienceNet şəbəkəsinin Data Mərkəzində etibarlı saxlanması və istifadəsinin təşkili üçün Multimedia qalereyasının yaradılması istiqamətində müvafiq işlərin həyata keçirildiyini diqqətə çatdırıb.

 

Elektron elmin formalaşmasının elmi-praktiki problemlərinin araşdırılmasının vacibliyindən danışan R.Əliquliyev bu məqsədlə “AzScienceNet: mövcud vəziyyəti, imkanları və perspektivləri” Ümumrespublika elmi-praktiki seminarı, “Elektron kitabxanaların formalaşması problemləri” mövzusunda Respublika elmi-praktiki konfransı və “BigData: problemləri, imkanları və perspektivləri” mövzusunda Respublika elmi-praktiki konfransının keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. AMEA-nın əldə etdiyi nailiyyətlərin regionlara ötürülməsi məqsədilə AMEA Gəncə Bölməsində Distant Tədris Mərkəzinin yaradılması istiqamətində işlərin başa çatdırıldığını qeyd edən akademik cari ilin iyul ayının 6-da AMEA Naxçıvan Bölməsində də Distant Tədris Mərkəzinin açılışının nəzərdə tutulduğunu dilə gətirib.

 

Akademik, həmçinin Elektron elmin ölkədaxili və beynəlxalq inteqrasiyasının inkişaf etdirilməsinin vacibliyini önə çəkib. Onun sözlərinə görə, bu yaxınlarda AzScienceNet EKŞ Avropa elm və təhsil şəbəkəsinin formalaşdırılmasına məsul olan GEANT Assosiasiyasında milli şəbəkə operatoru kimi qeydiyyatdan keçmişdir.

 

R.Əliquliyev Elektron elmin formalaşma vəziyyəti, imkanları və perspektivləri haqqında media vasitələri ilə ictimaiyyətin daim məlumatlandırılması, o cümlədən Elektron elmə dair biliklərin populyarlaşdırılması və təbliğinin zəruriliyini vurğulayıb.

 

Sonda Rəyasət Heyətinin qərarı ilə Fəaliyyət Planı təsdiq edilib.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023