“MasterCard” parol əvəzinə “selfie” şəkillərdən istifadəyə qərar verib 2015-07-08 10:29:19 / KONFRANSLAR

“MasterCard” şirkəti yeni proqramı sınaqdan keçirməyə başlayıb: onlayn alış-veriş istifadəçinin sifətinin skan edilməsi yolu ilə təsdiqlənəcək. Sınaqlar uğurlu olduğu halda proqram ictimai istifadə üçün əlçatan olacaq.

 

macdigger.ru saytının məlumatına görə, alış-verişin son mərhələsində alıcı smartfonun köməyi ilə öz fotoşəkilini çəkməlidir. “MasterCard” şirkətinin nümayəndəsi hesab edir ki, bu, parolları yadda saxlamaqdan daha asandır. Ödəmə sistemi yeni innovasiya alətinin köməyi ilə fırıldaqçılıq hallarının qarşısını almağı planlaşdırır.

 

Hazırda “MasterCard” şirkəti internetdə ödənişin təsdiqi üçün parolun daxil edilməsini nəzərdə tutan “SecureCode” adlı onlayn ödəniş təhlükəsizlik texnologiyasından istifadə edir.

 

Şirkətin nümayəndələrinin bildirdiyinə görə, bu texnologiya ötən il 3 milyard tranzaksiyada istifadə olunub.

 

Parolları asanlıqla ələ keçirmək mümkün olduğundan maliyyə şirkətlərinin bir çoxu “Apple” şirkətinin “iPhone” smartfonlarında olduğu kimi, istifadəçilərin rahatlığı və təhlükəsizlik səviyyəsinin gücləndirilməsi üçün biometrik texnologiyaların tətbiqinə başlayıb.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024