Bu gün AMEA-nın Naxçıvan Bölməsində bölmənin Distant Tədris Mərkəzinin (DTM) açılışına həsr olunmuş virtual tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə iştirakçıları salamlayaraq Azərbaycanın qədim diyarı Naxçıvanda olmaqdan böyük məmnunluq duyduğunu, ölkənin elmi potensialının böyük bir hissəsinin burada cəmləşdiyini bildirdi.
AR Prezidenti İlham Əliyev tərəfindən ölkənin sürətlə inkişaf edən bölgələrindən biri kimi Naxçıvan şəhərinin inkişafına daim xüsusi diqqət və qayğı göstərildiyini söyləyən akademik bu şəhərin həm tarixən, həm də bu gün Azərbaycanın elm və təhsil mərkəzlərindən biri olduğunu qeyd etdi.
AMEA rəhbəri Naxçıvanın inkişafının alimlərimiz qarşısında yeni imkanlar açdığını və onların qarşısında yeni tələblər qoyduğunu söylədi. Bu imkanların Azərbaycan elminin inkişafı ilə yanaşı, elmi kadr hazırlığında da mühüm rol oynayacağını dilə gətirdi.
Akademik ölkənin elektronlaşması işlərinin sürətləndirilməsi və mövcud elmi problemlərin həlli üçün ölkənin bütün alim və mütəxəssislərinin, elmi qurumlarının birgə əməkdaşlığının zəruriliyini vurğuladı.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) Tədris-İnnovasiya Mərkəzinin Distant Tədris Mərkəzində videokonfrans sistemi vasitəsilə baş tutan tədbirdə institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov son zamanlar AMEA-nın institut və təşkilatlarında aparılan genişmiqyaslı islahatlardan bəhs etdi. Bu islahatların elmi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandığını vurğulayan R.Ələkbərov bildirdi ki, bu tədbirlər çərçivəsində AMEA-nın institut və təşkilatlarında informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi işləri sürətləndirilmişdir. AMEA Naxçıvan Bölməsinin DTM-nin yaradılması ilə həmin bölgədə yerləşən universitetlər və elmi-tədqiqat institutlarının doktorant və dissertantlarının İTİ-də informatika fənnindən doktorluq imtahanına hazırlıq məqsədilə təşkil olunan kurslarda distant iştirak etmək imkanı əldə etdiyini və gələcəkdə digər regional elm mərkəzlərində də DTM-lərin yaradılmasının nəzərdə tutulduğunu önə çəkdi.
Alim elektron elmin əsas platforması olan AzScienceNet elm kompüter şəbəkəsinin çoxsaylı xidmətlərindən söz açdı. Qeyd etdi ki, ilin sonunadək bu xidmətlərin AMEA Naxçıvan Bölməsinin əməkdaşlarına təqdim olunması planlaşdırılır ki, bu da onların dünyanın aparıcı elmi təşkilatlarına inteqrasiya olunmasında mühüm rol oynayacaq.
AMEA-nın akademik-katibi, İTİ-nin direktoru, akademik Rasim Əliquliyevakademiya tərəfindən ölkənin bütün regionlarında, o cümlədən Naxçıvanda elmin inkişafına böyük əhəmiyyət verildiyini diqqətə çatdırdı. Coğrafi mövqeyi və blokada şəraitində olmasına baxmayaraq Naxçıvan Muxtar Respublikasının sürətlə inkişaf etdiyini, burada İKT-nin tətbiqi imkanlarının genişləndiyini söylədi. Bildirdi ki, bu gün Naxçıvanda təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, burada elektron elmin inkişaf etdirilməsi və tədrisdə İKT-dən istifadə prioritet məsələlərdəndir.Bir zamanlar informasiya blokadasında olan Naxçıvan hazırda Azərbaycanda informasiya cəmiyyətinin qurulmasında aparıcı rola malik bir regiona, dinamik inkişafda olan virtual məkana çevrilmişdir. Hazırda muxtar respublikada təhsil, səhiyyə, iqtisadiyyat və digər sahələrdə İKT-dən geniş istifadə olunur, elektronlaşma böyük müvəffəqiyyətlə həyata keçirilir.
Alim Naxçıvanda DTM-nin yaradılmasının əhəmiyyətini vurğulayaraq bu mərkəzin Bakı ilə Naxçıvan arasında elm və təhsil körpüsü olacağını, doktorant və dissertantların məsafədən təhsil alması, onlayn seminar və konfransların keçirilməsi, alimlər arasında ölkədaxili, həmçinin beynəlxalq əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün geniş imkanlar yaratdığını söylədi.
Sonda AMEA Naxçıvan Bölməsində DTM-nin yaradılmasının bölgənin təhsil sisteminin innovativ inkişafına dəyərli töhfələr verəcəyi qeyd olundu.