Rusiyada dərindən öyrənmə və süni intellekt üzrə ilk “DeepHack” hakaton 19-24 iyul tarixlərində Moskva Fizika-Texnika İnstitutunda (MFTİ) keçiriləcək.
Hakaton (ing. hackathon) “hack” – haker və “marathon” - marafon sözlərindən yaranıb. Bu, bədniyyətlilərin deyil, sözün əsl mənasında, peşəkar hakerlərin, yəni, proqram təminatı üzrə müəxəssislərin hər-hansı bir problemin kreativ həlli üzərində yarışmasıdır.
Yarışmada tələbə, aspirant, gənc alim və İT üzrə peşəkarlara elmi tədqiqatlarda və istehsalatda istifadə olunan maşın təliminin nadir metodlarının axtarışı üçün tapşırıqlar veriləcək. Dərin öyrənmə strateji planlaşdırmanı bacaran proqramın yaradılması üçün konkret fəaliyyət üçün daha yaxşı alqoritmin seçimini nəzərdə tutur. Məsələn, “Google Deep Mind” startapı müasir neyroşəbəkələrin oyunlarda strategiyanı insanlardan daha yaxşı seçim etmək bacarığını göstərib.
lenta.ru saytının məlumatına görə, hakaton çərçivəsində dərindən öyrənmə, xərçəng və qocalma üzrə bioinformatikadan mühazirələr aparılacaq, iştirakçılar isə İsveçrədə keçiriləcək qocalma bioinformatikası üzrə beynəlxalq hakatona dəvət olunacaqlar.
Neyrokoqnitiv sistemlər üzrə aparıcı mütəxəssislərdən olan Mixail Bursev yarışmanın önəmliyini qeyd edərək deyib: “Hakaton intellektual sistemlər sahəsi üzrə tədqiqatçılara təcrübə mübadiləsi aparmağa, və çox güman ki, müasir kompüter elmlərinin fundamental problemlərindən birinin həllində irəliləməyə imkan verən orijinal yanaşmaları tapmağa imkan verəcək”.
Tədbirin təşkilatçıları Qabaqcıl Biotexnologiyalara Dəstək Fondu və MFTİ-nin İnnovativ təhsil texnologiyaları laboratoriyasıdır.