AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə ADA Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub 2015-07-02 09:38:07 / KONFRANSLAR

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda ADA Universitetinin rektoru, professor Hafiz Paşayev, universitetin İnnovasiya və texnologiyalar üzrə prorektoru, İnformasiya Texnologiyaları, Mühəndislik Məktəbinin təsisçi dekanı, professor Kah Muhammadou və bir qrup rəsmisi ilə görüş keçirilib.

 

Öncə qonaqlar AzScienceNet elm kompüter şəbəkəsi ilə tanış olublar. Şəbəkənin fəaliyyəti ilə bağlı məlumat verən institutun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev bildirib ki, AzScienceNet institut və təşkilatları elmi-tədqiqat, elmi-praktiki və tədris məsələlərinin həyata keçirilməsi zəruri olan müasir şəbəkə xidmətləri ilə təmin edir. Əsas məqsəd Azərbaycan elm və təhsil mühitini Avropa elm, təhsil fəzasına inteqrasiya edərək ölkəmizdə dünya standartlarına uyğun texnologiya və xidmətlərin istifadə edilməsinə, tədqiqatçılarımızın bu mühitdə daha səmərəli fəaliyyət göstərməsinə şərait yaratmaqdır. AzScienceNet şəbəkəsinin əsas vəzifəsi qlobal İnternet şəbəkəsinə yüksəksürətli, təhlükəsiz çıxışı təmin etməsidir. Bununla yanaşı, şəbəkə istifadəçilərə çoxsaylı İnternet xidmətləri göstərir, eləcə də aparılan müvafiq elmi-tədqiqat işləri və şəbəkə texnologiyaları sahəsində kadr hazırlığı istiqamətində eksperimental baza rolunu oynayır.

 

Sonra qonaqlar institutun Tədris-İnnovasiya Mərkəzi ilə tanış olublar. Burada keçirilən dərslər, Distant Tədris Mərkəzinin fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verilib. Multimedia Mərkəzinin nəzdində fəaliyyət göstərən İnformasiya Texnologiyaları nəşriyyatında çap texnologiyaları ilə tanış olublar. Elektron kitabxananın imkanları, institutun “İnformasiya Texnologiyaları” və “İnformasiya Cəmiyyəti” adlı elmi-praktiki jurnalları haqqında geniş məlumat verilib.

 

Daha sonra qonaqlarla dəyirmi masa ətrafında ölkəmizdə elm və təhsil sahəsində həyata keçirilən islahatların əsas hədəflərindən söz açılıb. Qeyd edilib ki, elmlə təhsilin vəhdəti, bu sahələrin innovativ inkişafı dövrün tələbidir. Görüşdə, həmçinin beynəlxalq əməkdaşlığın inkişafı, elm və təhsilin inteqrasiyası nəticəsində əldə olunan nailiyyətlərin istehsalatda tətbiqi, elmi innovasiyaların təhsil mühitinə transferi məsələlərinə toxunulub. İnformasiya texnologiyaları sahəsi üzrə kompüter elmi, kompüter mühəndisliyi üzrə kadr hazırlığının zəruriliyi önə çəkilib. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı alim və mütəxəssislərlə əlaqələrin möhkəmləndirilməsinin önəmi vurğulanıb. Sonda rəy və təkliflər səsləndirilib.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024