AMEA İnformasiya Texnologiyaları İnstitutunda görüş keçirildi 2015-06-10 16:56:34 / KONFRANSLAR

İyunun 9-da AMEA İnformasiya Texnologiyaları İnstitutunda AR Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev, Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil İdarəsinin rəisi polkovnik Murad Həmidov və professor Tahir Pənahovla görüş keçirildi. Məqsəd iki qurum arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi olmuşdur.

 

Qonaqlar institutun maddi-texniki bazası və burada yaradılmış innovativ şərait, o cümlədən müasir texnologiyalarla təchiz olunmuş auditoriyalarla yaxından tanış oldular.

 

AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyevqonaqlara institutun Tədris-İnnovasiya Mərkəzinin fəaliyyəti haqqında məlumat verərək 2003-cü ildən AR Prezidenti yanında Ali Attestasiya Komissiyası və AMEA Rəyasət Heyətinin qərarlarına əsasən ölkənin bütün doktorant və dissertantlarına informatika fənninin tədrisi və doktorluq imtahanlarının qəbulu prosesinin bu mərkəzdə həyata keçirildiyini qeyd etdi. Dərslərin institutun alim və yüksəkixtisaslı mütəxəssisləri tərəfindən tədris edildiyini qonaqların nəzərinə çatdırdı.

 

2003-cü ildən indiyədək 14 mindən çox doktorant və dissertanta İnformatika fənninin tədris edildiyini söyləyən R.Əliquliyev burada 2011-ci ildən distant tədris xidmətlərinin göstərildiyini bildirdi. Naxçıvan və Gəncədə yaşayan doktorant və dissertantların İnformatika fənni üzrə təşkil edilmiş kursları məsafədən dinlədiklərini və gələcəkdə digər bölgələrdə də Distant Tədris Mərkəzlərinin yaradılmasının planlaşdırıldığını vurğuladı.

 

Qonaqlar müasir kompüter, proyektor və elektron lövhələrlə təchiz olunmuş auditoriyalarla, tədrisin keyfiyyətinə nəzarət üçün mərkəzdə quraşdırılmış video-müşahidə sistemi və Distant Tədris Mərkəzi ilə tanış oldular.

 

Doktorluq imtahanlarının elektron test üsulu ilə həyata keçirildiyini söyləyən R.Əliquliyev bu sistemin imtahan prosesində şəffaflığın təmin edilməsi və imtahanlarda iştirak edənlərin biliklərinin daha obyektiv qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini dilə gətirdi.

 

Sonra qonaqlar Elektron Kitabxana Mərkəzi və burada oxucular üçün yaradılmış şəraitlə tanış oldular. Akademik Rasim Əliquliyev mərkəzin beynəlxalq standartlara cavab verdiyini, ən müasir texniki avadanlıqlarla təchiz olunduğunu diqqətə çatdırdı.

 

Daha sonra qonaqlara Elmi Tədqiqatlar Mərkəzində faəliyyət göstərən şöbələrin elmi istiqamətləri və İnternet-kafenin fəaliyyəti haqqında məlumat verildi.

 

Qonaqlar AzScienceNet Elm Kompüter Şəbəkəsinin Verilənlərin Emalı Mərkəzində (Data Center) oldular. R.Əliquliyev bildirdi ki, texniki göstəricilərinə görə beynəlxalq standartlara cavab verən AzScienceNet şəbəkəsi AMEA-nın institut və təşkilatlarının fəaliyyətinin daha səmərəli təşkili, institutların alim və mütəxəssislərinin dünya elmi mühitinə inteqrasiyası və dünyanın tanınmış beynəlxalq elmi bazalarından geniş istifadəsinə imkan yaradır.

 

Onlara həmçinin “İnformasiya texnologiyaları” nəşriyyatının fəaliyyəti, əsasən Yaponiya və Almaniya istehsalı olan genişformatlı, yüksəksürətli rəqəmsal çap avadanlıqları, müxtəlif kitab, dərslik və jurnalların nəşri ilə bağlı görülən işlər barədə məlumat verildi.

 

Qonaqlar yüksək texnologiyalar və müasir avadanlıqlarla təchiz olunmuş institutda əməkdaşlar üçün yaradılmış innovativ şəraitin əməkdaşların fəaliyyətinin səmərəliliyi və məhsuldarlığının artırılması baxımından mühüm əhəmiyyətə malik olduğunu qeyd etdilər.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023