İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya şurasının iclası keçirildi 2015-06-03 11:46:24 / KONFRANSLAR

Mayın 29-da AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirildi.

 

Tədbiri giriş sözü ilə açan şuranın sədri, AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələlər haqqında məlumat verdi, iclasın 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş 2 dissertasiya işinin müdafiəsinə həsr olunduğunu bildirdi.

 

Öncə Dissertasiya şurasının elmi katibi, texnika üzrə fəlsəfə doktoru Ramiz Şıxəliyev iddiaçının işi ilə şura üzvlərini tanış etdi.

 

Sonra Mehrdad Haşemi “Qaz-lift prosesində optimal həllərin qurulması üçün paralel alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işini təqdim edərək işin aktuallığı, məqsədi, məqsədə çatmaq üçün qarşıya qoyulmuş məsələləri diqqətə çatdırdı.

 

Qeyd etdi ki, dissertasiya işinin məqsədi neftçıxarma sənayesində iqtisadi nöqteyi-nəzərdən ən sərfəli metod hesab edilən qaz-lift prosesində optimal rejimin müəyyənləşdirilməsi üçün ilk dəfə olaraq paralel metod və alqoritmin işlənməsi və tətbiqidir.

 

İddiaçı tədqiqat işində qaz-lift prosesində hərəkəti təsvir edən tənliklərin həllinin tapılması üçün paralel alqoritmin işlənildiyini, təklif olunmuş paralel alqoritmlərin köməyi ilə yaradılan interfeysdə optimal rejimin birbaşa təyin olunduğunu və bu alqoritm əsasında alınmış nəticələrin adekvatlığının yoxlanıldığını söylədi.

 

İşin elmi-praktiki əhəmiyyətindən söz açan məruzəçi hazırlanan paralel alqoritmin qaz-lift üsulu ilə işləyən hər bir neft quyusu üzərində gerçəkləşdirilməsinin mümkünlüyünü dilə gətirdi.

 

M.Haşemi dissertasiya işinin elmi yeniliyini diqqətə çatdıraraq bildirdi ki, paralel hesablamalar iterasiyaların sayını artırmağa imkan verməklə daha sürətli, dəqiq və etibarlı nəticənin əldə olunmasına səbəb olur.

 

Sonra iddiaçı çoxsaylı sualları cavablandırdı.

 

Dissertasiya işinin elmi rəhbərləri – akademik Fikrət Əliyev və fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Nəvazi İsmayılovun rəyləri səsləndirildi.

 

R.Şıxəliyev dissertasiya işi və avtoreferata dair daxil olmuş rəylər haqqında məlumat verdi.

 

Dissertasiya işi üzrə rəsmi opponentlər – texnika üzrə elmlər doktoru, professorMəhəmməd Əhmədov və texnika üzrə fəlsəfə doktoru Taleh Əsgərov çıxış edərək əldə olunmuş nəticələrin elmi yenilik olduğunu vurğulayaraq tədqiqatın praktiki əhəmiyyətini qeyd etdilər, təklif və iradlarını bildirdilər.

 

Müzakirələrdə iştirak edən texnika üzrə elmlər doktorları, professorlar Ələkbər ƏliyevCavanşir MəmmədovVidadi Musayev, texnika üzrə elmlər doktoru, dosent Nadir Ağayev, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktorları Rəşid ƏləkbərovFirudin AğayevZərifə Cəbrayılova, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev və digərləri dissertasiya işinin aktuallığını önə çəkərək alınmış elmi nəticələri yüksək qiymətləndirdilər.

 

İddiaçının yekun sözləri dinlənildikdən sonra gizli səsvermə keçirildi və M.Haşemiyə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması təklif edildi.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020