Smartfon satışlarının artım tempinin azalmasına baxmayaraq, mobil qurğular üçün internet texnologiyalar bazarı inkişaf edir. “Digi-Capital” analitiklərinin proqnozuna əsasən, “Apple”ın indiki bazar kapitallaşması (764 milyard dollar) ilə müqayisədə mobil internetin həcmi böyük olacaq.
2014-cü ildə mobil internet bazarında gəlir 300 milyard dollar olub. Ekspertlərin fikrincə, bu göstərici 2018-ci ilədək 850 milyard dollara çatacaq. Mütəxəssislər cihazlarda göstərilən reklam xərclərini, istehlak və korporativ proqramları, mobil ticarəti bu seqmentə aid edirlər.
ictnews.az saytının məlumatına görə, reklamın 3 il sonra mobil internet bazarının ikinci ən böyük seqmentinə çevrilməsi gözlənilir. Reklam satışlarının həcmi smartfon və planşetlər üçün proqram təminatı tərtibatçılarının gəlirini ötəcək. Korporativ proqram təminatına tələbatın artım tempi istehlakla müqayisədə aşağı olacaq.
2014-cü ildə mobil ticarət bazarının həcmi 200 milyard dolları ötüb və bu göstəricinin böyük hissəsi Asiyanın payına düşüb.
“Digi-Capital”, həmçinin 2018-ci ilədək mobil oyunlar bazarının 45 milyard dollaradək artacağını proqnozlaşdırır ki, bu da oyun sahəsində qlobal gəlirin 40 faizi deməkdir.