AMEA-nın akademik-katibi “Hərb elminin inkişaf perspektivləri” mövzusunda I Respublika elmi-praktik konfransında məruzə ilə çıxış edib 2015-05-25 16:48:42 / KONFRANSLAR

Mayın 16-da AR Müdafiə nazirinin təsdiq etdiyi “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 2015-ci ildə elmi iş planı”na əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında “Hərb elminin inkişaf perspektivləri” mövzusunda I Respublika elmi-praktik konfransı keçirilib. Konfransda ölkənin 40-dan artıq nazirlik, komitə, ali təhsil müəssisəsi, idarə və elmi mərkəzlərindən 350-dək nümayəndə iştirak edib.

 

Konfrans ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan həmvətənlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsindən sonra açıq elan edilib.

 

Tədbiri giriş sözü ilə açan Müdafiə naziri general-polkovnik Zakir HəsənovSilahlı Qüvvələrin təməlinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bu gün isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bölgənin ən güclü ordusuna çevrildiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

 

Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası və Hərbi doktrinanın Silahlı Qüvvələrin inkişaf istiqamətlərini müəyyən edən əsas sənədlərdən olduğunu qeyd edən Müdafiə naziri bu gün Silahlı Qüvvələrdə aparılan islahatların bütün sahələrdə uğurla həyata keçirildiyini, görülən işlərin öz bəhrəsini verdiyini söyləyib: “Silahlı Qüvvələrimizin bölmələri qoşunların təmas xəttində tam üstünlüyə nail olub. Hazırda ordu ən müasir, keyfiyyətli döyüş silahı və texnikası ilə təmin olunmuşdur. Eyni zamanda bu texnikanı, silah sistemlərini idarə etməyi bacaran yüksək elmi, nəzəri və praktiki bacarıqlara malik olan şəxsi heyətin yetişdirilməsi Silahlı Qüvvələrin rəhbərliyinin qarşısında duran əsas vəzifələrdən biridir. Məhz bu səbəbdən Müdafiə Nazirliyinə tabe olan xüsusi təyinatlı təhsil müəssisələrinin ölkənin qabaqcıl təhsil ocaqları ilə qarşılıqlı əməkdaşlığının daim inkişaf etdirilməsi həyata keçirilir və bu iş qısa zaman ərzində öz nəticəsini göstərəcəkdir”.

 

Sonra Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev “Hərb elmi və hərbi təhsil: inkişaf və perspektivlər”, Rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov “Hərb elminin inkişafında informasiya texnologiyalarının rolu”, Prezident yanında İdarəçilik Akademiyasının Strateji Araşdırmalar İnstitutunun direktoru, professor Elman Nəsirov “Ümummilli lider Heydər Əliyevin hərb elminin inkişafındakı rolu” mövzularında, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyev, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini Aydın Mirzəzadə, AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademikRasim Əliquliyev geniş məruzələrlə çıxış ediblər.

 

Akademik Rasim Əliquliyev öncə konfrans iştirakçılarını AMEA rəhbərliyi adından təbrik edərək konfransın təşkilatçıları və iştirakçılarına uğurlar arzu edib.

 

AMEA-da Azərbaycan elminin müxtəlif aspektləri üzrə genişmiqyaslı islahatlar apardığını söyləyən alim elmin koordinasiyası, beynəlxalq elmi mühitə inteqrasiya, yeni elmi prioritetlərin müəyyənləşdirilməsi istiqamətlərində görülən işləri diqqətə çatdırıb. “Bu elmi prioritetlərdən biri də hərb elminin formalaşdırılması və inkişafını təmin etməkdən ibarətdir”, – deyə bildirən akademik bu elmin mahiyyətinə görə bütün elmlərin kəsişmə nöqtəsi olduğunu önə çəkib: “Bütün elmlər ölkənin müdafiə qüdrətinin yüksəldilməsinə dəstək verməli, mövcud problemlərin həlli istiqamətində tədbirlər görülməlidir. Diğər sahələrdə biliklər cəmiyyəti qurulduğu kimi hərbimiz də yüksək texnologiyalara əsaslanmalıdır”.

 

Bu sahədə mövcud problemlərdən danışan R.Əliquliyev bildirib ki, ölkənin müxtəlif elmi qurumları və təhsil müəssisələrində hərb elmi çərçivəsində aparılan araşdırmaların monitorinqi aparılmalı, yaxın gələcək üçün hərb elminin prioritetləri müəyyənləşdirilməli, problemlər identifikasiya olunmalı, o cümlədən bütün resurslar həmin vəzifələrin həyata keçirilməsinə yönəldilməlidir.

 

Alim qeyd edib ki, AMEA hərb elminin inkişafı istiqamətində aparılacaq fundamental elmi-tədqiqat işlərinin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə digər qurumlarla birgə bu işlərə dəstək verməli, birgə fəaliyyət həyata keçirməlidir. R.Əliquliyev, həmçinin hərb elminin müvafiq sahələrinin inkişafına dəstək verilməsi, Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün xüsusi ixtisaslar üzrə hərbi-nəzəri və praktiki biliklərə yiyələnmiş, intellektual təfəkkürə malik elmi kadr hazırlığının həyata keçirilməsi zəruriyyətinə toxunub. Ölkəmizdə hərb elminin formalaşması üçün böyük potensial olduğunu söyləyən R.Əliquliyev qeyd edib ki, bu məqsədlə multidissiplinar xarakter daşıyan elm formalaşdırılmalıdır.

 

Onun sözlərinə görə, hələ 90-cı illərin ortalarında ümummilli lider Heydər Əliyevin qayğısı və təşəbbüsü ilə ölkəmizin müdafiə qüdrətinin yüksəldilməsi məqsədilə akademik Ə.Abbasovun rəhbərliyi altında bir sıra mühüm elmi tutumlu İKT layihələri həyata keçirilmişdir.

 

Sonra Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyevə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adının verilməsi barədə attestat təqdim olunub.

 

Konfransın plenar hissəsi başa çatdıqdan sonra hərbi-nəzəri, hərbi-texniki, milli təhlükəsizlik, hərbi-humanitar və hərbi təbabət bölmələrində elmi məruzələr dinlənilib.

Sonda ilk dəfə bu mövzuda keçirilən, elmi-praktik cəhətdən böyük əhəmiyyətə malik konfransın qarşıya qoyulan bir sıra məsələlərin həllinə nail olunmasına dəstək verdiyi qeyd olunub.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020