Mayın 19-da AMEA İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya şurasının növbəti iclası keçirildi.
Tədbiri giriş sözü ilə açan şuranın sədri, AMEA-nın akademik-katibi, institutun direktoru Rasim Əliquliyev gündəlikdə duran məsələlər haqqında məlumat verdi, iclasın texnika üzrə elmlər doktoru elmi dərəcəsi almaq iddiasında olan Şahnaz Şahbazovanın 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə “Qeyri səlis neyron şəbəkə əsasında paylanmış biliklər bazasının layihələndirmə modelləri və metodları” mövzusunda təqdim etdiyi dissertasiya işinin müdafiəsinə həsr olunduğunu bildirdi.
Öncə Dissertasiya şurasının elmi katibi, texnika üzrə fəlsəfə doktoru Ramiz Şıxəliyev iddiaçının işi ilə şura üzvlərini tanış etdi.
Sonra Ş.Şahbazova “Qeyri səlis neyron şəbəkə əsasında paylanmış biliklər bazasının layihələndirmə modelləri və metodları” mövzusunda dissertasiya işini təqdim edərək işin aktuallığı, məqsədi, məqsədə çatmaq üçün müəyyən olunmuş məsələləri diqqətə çatdırdı.
Qeyd etdi ki, dissertasiya işinin məqsədi müəllimin iştirakı olmadan təlimin tam kursuna və tələbənin biliklərinə nəzarət etməyə imkan verən intellektual tədris kompleksinin yaradılmasıdır. İddiaçının sözlərinə görə, bu kompleks tədris müəssisələrində müəllimlərin yükünün əhəmiyyətli dərəcədə azaldılmasına, tədris materiallarının təkmilləşdirilməsinə və tədris prosesinin səmərəliliyinin artırılmasına imkan verir.
Dissertasiya işində tədris prosesinin bütün aspektləri üzrə tədqiqatlar aparıldığını söyləyən Ş.Şahbazova bildirdi ki, bu araşdırmalar müasir avtomatlaşdırılmış təlim və biliyə nəzarət komplekslərinin yaradılmasında böyük əhəmiyyət kəsb edən əsas meyarların təyin edilməsi məqsədini daşıyır: “Analitik və riyazi modelləşdirmə ilə tədris prosesinin mürəkkəb yüksək intellektli mühitdə effektiv fəaliyyəti üçün intellektual informasiya sistemlərinin yaradılmasına imkan verən modellər və metodlar müəyyən edilmiş və onların təhsil prosesinə tətbiqi vasitəsilə təlimin keçirilməsi, biliklərə nəzarət və tədris proqramları kurslarının idarə edilməsi həyata keçirilmişdir”.
İddiaçı qeyri-səlis neyron şəbəkə texnologiyası əsasında yaradılan biliklər bazasının qəbul edilən qərarların adekvatlığını təmin etdiyini və bu texnologiyanın onu praktik olaraq istənilən tədris materialı ilə modifikasiya etməyə imkan verdiyini söylədi.
Ş.Şahbazova, həmçinin dissertasiya işində alınmış elmi-nəzəri və praktiki nəticələrin ali məktəblərin şəbəkə sistemlərində öyrədici və testləşdirici intellektual informasiya kompleksində tətbiq edildiyini vurğuladı.
Sonra iddiaçı çoxsaylı sualları cavablandırdı.
Dissertasiya işinə dair elmi məsləhətçilər – Kaliforniyanın Berkli Universitetinin professoru, AMEA-nın fəxri üzvü Lütfi Zadə və AR Rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasovun dissertasiya işi ilə bağlı rəyləri səsləndirildi.
R.Şıxəliyev dissertasiya işi və avtoreferata dair daxil olmuş rəylər haqqında məlumat verdi.
Dissertasiya işi üzrə rəsmi opponentlər – texnika üzrə elmlər doktorları, professorlar Sergey Poqorelıy, Məsumə Məmmədova və Səlahəddin Yusifov çıxış edərək əldə olunmuş nəticələrin elmi yenilik olduğunu vurğulayaraq tədqiqatın praktiki əhəmiyyətini qeyd etdilər, təklif və iradlarını bildirdilər.
Müzakirələrdə akademik Fikrət Əliyev, texnika üzrə fəlsəfə doktoru Firudin Ağayev, texnika üzrə elmlər doktoru, professorlar Famil Məmmədov, Məhəmməd Əhmədov, Nailə Musayeva, texnika üzrə elmlər doktoru, dosent Nadir Ağayev, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev çıxış edərək dissertasiya işində qarşıya qoyulmuş məqsədə çatmaq üçün əsaslı tədqiqat aparıldığını, əhəmiyyətli elmi nəticələrin əldə edildiyini bildirdilər.
İddiaçının yekun sözləri dinlənildikdən sonra gizli səsvermə keçirildi və Ş.Şahbazovaya texnika üzrə elmlər doktoru alimlik dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması təklif edildi.