Süni intellekt bəşəriyyəti hara aparır? 2015-05-13 11:14:36 / KONFRANSLAR

Yaxın 10 ildə ağıllı texnologiyalar həyatımıza necə təsir edəcək?

 

XXI əsrdə biz, “ağıllı” obyektlər dünyasında yaşayırıq. Elmi-texniki tərəqqi sayəsində smart (ağıllı) telefonlar, saatlar, avtomobillər, evlər getdikcə daha da inkişaf etməyə və vüsət almağa davam edir. Bir vaxtlar fantastik filmlərdə seyr etdiyimiz səhnələr artıq reallığa çevrilir, robotlar, özü idarəolunan avtomobillər sanki insan zəkası ilə yarışa çıxır, rəqabət aparırlar ki, bu da süni intellektin (Sİ) inkişafından xəbər verir. Bu sahə nəhəng İT şirkətlərinin getdikcə daha çox maraq dairəsinə çevrilir, Sİ-nin inkişafına milyonlarla vəsait xərclənir. Süni intellektin yarada biləcəyi problemlər ilə bağlı proqnozlar isə müxtəlifdir. Bir sıra alimlər “Süni intellekt bəşəriyyəti hara aparır?”, “Yaxın 10 ildə süni intellekt həyatımıza necə təsir edəcək?” kimi suallara cavab axtarır, həyəcan təbili çalırlar. Bəşər aləmi üçün narahatçılıq doğuran bu suallar beynəlxalq konfransların da əsas müzakirə obyektinə çevrilib.

 

Süni intellekt - tarixən insan intellektinin mövcudluğunu tələb edən mürəkkəb məsələlərin həlli üçün yaradılmış kompüter proqramıdır. Bu, nə istəsəniz ola bilər, nitqin tanınması və qərarların qəbulundan tutmuş vizual qavramaya qədər. Süni intellektin ən ali hədəfi istənilən sahədə insan zəkasından üstün olmaqdır. 

 

Bu gün alimlər Sİ-nin inkişafını nəzərə alaraq, bu məhsulları yaradanları etik nəticələri diqqətlə nəzərdən keçirməyə çağırır. Puerto-Rikodakı konfransda deleqatlar mümkün səhvlərə yol verməmək üçün süni intellektin inkişafı sayəsində yarana biləcək problemlərin öyrənilməsi ilə məşğul olmağa çağırış edən açıq məktub imzalayıblar. Sİ üzrə aparıcı tədqiqatçılar Sİ-nin təhlükəsizliyinin mühüm əhəmiyyət kəsb edən məsələ olduğunu vurğulayırlar. Sənədin müəllifləri təkcə Sİ-nin böyük potensialını qəbul etmir, həm də süni intellektin yaradılması ilə bağlı risklərin qiymətləndirilməsinə çağırış edir. Məsələn, maşın intellekti yaxın gələcəkdə milyonlarla insanı işsiz qoya bilər. 

 

“Apple” şirkətinin həmtəsisçisi Stiv Voznyak süni intellektin təhlükəli olduğuna şübhə etmir, baxmayaraq ki, o, illərlə texnologiyaların, xüsusən də süni intellektin insanlara təhlükə ola biləcəyini inkar edirdi. “Australian Financial Review” nəşrinə müsahibəsində 64 yaşlı tədqiqatçı etiraf edib ki, bəzi proqnozlar özünü doğrultmağa başlayır, insanabənzər kompüterlər isə bəşəriyyət üçün real təhlükədir. O, hətta zarafat edərək belə deyib: “Biz kim olacayıq: Allah, ev heyvanları, yoxsa qarışqa? Mən bilmirəm”. “Kompüterlər intellektuallıq baxımından insanları ötüb keçməyə “hazırlaşırlar”. Əgər biz, həyatın daha da asanlaşması üçün bu cür qurğuları yaratmağa davam edəriksə, onlar bizdən də düşüncəli olacaq və şirkətləri daha effektli idarə etmək üçün bacarıqsız insanlardan qurtulmağa başlayacaqlar”.

 

Qeyd edək ki, son 5 ildə bu sahədə, xüsusilə dərin neyron şəbəkələr sferasında əldə olunan nailiyyətlər süni intellekti gündəlik həyatımıza gətirdi. Cəmi bir neçə il bundan öncə həlli mümkün olmayan süni intellekt problemləri isə artıq həllini tapıb. Dərin tədqiqatlar nitqin keyfiyyətli tanınmasını mümkün edib. “Google” özü idarəolunan avtomobillər, pişikləri videogörüntü üzrə təyin etməyi müstəqil öyrənən kompüter sistemləri yaradır. Robot-itlər demək olar ki, insanlar kimi yeriyir. “Google”, “Facebook”, “Microsoft”, “Baidu” kimi şirkətlər kadrların işə götürülməsində daha böyük üstünlüyü artıq Sİ üzrə mütəxəssislərə verirlər və daha mükəmməl alqoritm, ağıllı kompüterlər yarışına milyonlarla vəsait sərf edirlər.   

 

Məsələn, “Facebook” sosial şəbəkəsində yalnız “layk”larla məşğul olmurlar. hi-news.ru saytının bildirdiyinə görə, əslində şirkətdə təəccüblü də olsa süni intellekt üzrə bir çox tədqiqatçılar çalışırlar. Onların müəyyən hissəsi insanları digər insanlardan daha dəqiq tanıya biləcək şəxslərin tanınması üçün proqram təminatının yaradılmasına cəlb olunub. “Deep Face” adlanan bu PT sifətin verifikasiyası adlanan prosesdən istifadə edir. PT sifəti ad üzrə tutuşdurmur, iki şəkildə eyni insan təsvir olunduqda bunu müəyyən edir. Çox tezliklə siz, şəkil yükləyə, “Facebook” isə bu şəkildəkinin kim olduğunu o dəqiqə göstərə biləcək.

 

Eyni zamanda (baxmayaraq ki, müəyyən qədər başqa məqsədlərlə) “Google” da bənzər layihə üzərində çalışır. Sifətin tanınması əvəzinə şirkət fotoşəkillərdəki görüntüləri dəqiq frazalarla təsvir edə bilən proqram təminatı ilə məşğul olur.

 

Məsələn, əgər siz, zooparkda şəkil çəkdirirsinizsə, PT şirləri pələng və ayılardan ayıra biləcək. Təxminən belə təsvir olunacaq: “ayı kürəyi üstə yatır” və “iki şir ağacın altında oynayır”. Şəkil və videodakı təsvirləri əminliklə tanıyan və  təbii şəkildə onu təsvir edən maşınlar güclü alət olacaq və smartfonlardakı kameralarımız vasitəsilə maşın intellekti dünyasına qapı açacaq. Bu, süni intellekt üçün mühüm addımdır və o, Sİ-nin gələcəkdə inkişafı üçün fundamental ola bilər.

 

Süni intellektin təhlükəli olması ilə bağlı narahatlıqlarını ifadə edənlər arasında görkəmli şəxsiyyətlər - məşhur fizik Stiven Hokinq, “SpaceX” və “Tesla” şirkətlərinin baş direktoru Elon Mask da vardır. Hər iki İT nəhəngi “Həyatın Gələcəyi İnstitutu” (Future of Life Institute) adlanan təşkilata daxildirlər. Onlar belə hesab edirlər ki, bir vaxt süni intellekt bəşəriyyət üçün hökm ola bilər. “Tesla” elektromobilinşaat şirkətinin rəhbəri E.Mask yaxın illərdə robotların yollarda üstünlük təşkil edəcəyini, sükan arxasındakı insanın isə hərəkət iştirakçıları üçün “çox təhlükəli” olacağını bildirir.  

 

E.Mask süni intellektin təhlükəsizliyinin fəal tərəfdarlarından biridir. O, Sİ-nin potensialından o qədər narahatdır ki, hətta bunun üçün maliyyə vəsaiti də ödəməyə hazırdır, təki fəsadlar yaranmasın. Bu yaxınlarda isə o, Sİ-nin bəşəriyyət üçün təhlükəsiz qalmasının qorunmasına yönəlmiş elmi tədqiqatlara dəstək məqsədilə Həyatın Gələcəyi İnstitutuna 10 milyon dollar məbləğində ianə verib. 

 

Alimlər ehtiyat edirlər ki, yüksək inkişaf etmiş maşınlar istənilən işi yerinə yetirməyi öyrənəcək və tədricən insanların yerini tutacaq. Narahatlıq üçün əsas var. “Boston Consulting Group” analitik firmanın proqnozuna görə, 2025-ci ilə avtomatlaşdırılmış əməliyyatların sayı 25 faiz artacaq. Bu trend özünü daha qabarıq şəkildə hazırda Yaponiyada göstərir.

 

Kornel Universitetinin professoru, Sİ məsələləri üzrə etik Bart Zelman isə Sİ-nin etikası ilə məşğul olmağın zəruriyyətini  qeyd edir. O, “Kompüterin görmə qabiliyyəti, nitqin tanınması işləməyə başlayıb. Sİ sisteminin inkişafında müəyyən sürətləndirmələr var” – deyərək bütün bunların bilavasitə süni intellekt etikası ilə məşğul olmağı şərtləndirdiyini bildirib. 

 

Lakin bütün bu deyilənlərə baxmayaraq, Mask da “Google”, “Microsoft”, “Facebook” və digər iri şirkətlərin yüksək profilli rəhbərləri kimi Sİ-nin gələcəyinə cəhd edən insanların siyahısına daxildir. Bu insanlar həyatımızı yaxşılaşdıran texnologiyaların, proqramların inkişafında maraqlıdırlar. İnsanın intellektini geridə qoyacaq əsl süni intellektin nə vaxt yaranacağını dəqiq deyə bilməsək də, hər gün bu istiqamətə doğru addımbaaddım nəticələr əldə olunur, bir sözlə, elmi-texniki tərəqqi zamanla öz işini görür.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024