“Google” internet trafikin 4 dəfə sıxılması üçün yeni texnologiyanı sınaqdan keçirir 2015-05-06 10:30:08 / KONFRANSLAR

“Google” şirkəti mobil qurğularda internet trafiki dəfələrlə azaldaraq onun yüklənmə sürətini artıran alqoritm hazırlayıb.

 

2 həftədən sonra ilk dəfə İndoneziyada sınaq rejimində istifadəyə veriləcək yeni texnologiya əvvəlcə yalnız “Chrome” brauzerində və “Android” əməliyyat sistemli qurğularda işləyəcək. Şirkətin məlumatına görə, veb-səhifələrin yüklənmə sürəti 4 dəfə artacaq, trafikin sıxılması isə 80 faiz təşkil edəcək. “Google”un keçirdiyi daxili sınaqlarda bu yolla optimallaşdırılmış səhifələrdə trafikin 50 faiz artdığı müəyyən olunub.

 

Bildirilir ki, veb-səhifələrin sürətləndirilməsi və optimallaşdırılması naşirlər və reklamçılar üçün yeni imkanlar yaradacaq. Veb-səhifələrin sürətlə yüklənməsi istifadəçilərin səhifədə yerləşdirilmiş reklamları daha tez görməsinə səbəb olduğundan bu texnologiya kommersiya baxımından həm “Google”, həm də onun tərəfdaşı olan reklamçılar üçün sərfəlidir. Şirkət nümayəndələrinin sözlərinə görə, yeni texnologiyadan istifadə zamanı “AdSense”, daha sonra isə “DoubleClick” servislərinin reklamına xüsusi diqqət yetiriləcək.

 

Texnologiyanın digər ölkələrdə istifadəyə verilmə tarixi haqqında məlumat verilməyib.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024