AMEA Rəyasət Heyətində İnteraktiv İnformasiya Sistemi təqdim olundu 2015-04-29 09:29:30 / KONFRANSLAR

Bu gün aparıcı ölkələrin iqtisadi inkişafı texnoloji nailiyyətlərə əsaslanır, bu uğurların qazanılmasında informasiya-kommunikasiya texnologiyaları (İKT) əhəmiyyətli rol oynayır. Azərbaycanda biliklər iqtisadiyyatının bərqərar olmasında İKT sahəsində böyük nüfuza malik ölkələrin təcrübəsindən bəhrələnmək zəruridir. Hazırda respublikamızda informasiya və bilik bazasının formalaşmasına və inkişaf etdirilməsinə, informasiya-kommunikasiya infrastrukturunun yaradılmasına, İKT xidmətlərinin genişləndirilməsinə böyük diqqət yetirilir.

 

AMEA İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən İnteraktiv İnformasiya Sisteminin hazırlanması da bu istiqamətdə görülən mühüm işlərdəndir.

 

Aprelin 23-ü AMEA Rəyasət Heyətində AMEA-nın təsisçiləri, prezidentləri, Nobel mükafatı laureatları və AMEA-nın fəaliyyəti ilə bağlı məlumatlar haqqında İnteraktiv İnformasiya Sisteminin təqdimatı keçirildi. Sistem ilə yaxından tanış olan AMEA prezidenti, akademik Akif Əlizadə İnteraktiv İnformasiya Sistemini olduqca əhəmiyyətli informasiya mənbəyi kimi qiymətləndirdi. Bildirdi ki, hazırda AMEA-da elmi fəaliyyətin səmərəliliyinin daha da artırılması, ölkənin digər elmi müəssisələrində və ali məktəblərində aparılan fundamental və tətbiqi araşdırmaların əlaqələndirilməsi, onların nəticələrinin sosial-iqtisadi və digər sahələrdə tətbiqinin təmin edilməsi, elmi kadr hazırlığı sisteminin müasir standartlara uyğun olaraq təkmilləşdirilməsi məqsədilə bir sıra tədbirlər görülür.

 

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev yeni sistemin elektron elmin bir komponenti olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, elektron elm AMEA-nın institut və təşkilatlarının, eləcə də respublikanın digər elmi qurumlarının fəaliyyətinin səmərəliliyini yüksəltmək məqsədi daşıyaraq onların müasir İKT-nin tətbiqi ilə yenidən qurulması və vahid bir onlayn elmi infrastrukturun formalaşdırılması üçün nəzərdə tutulur. E-elmin formalaşması istiqamətində görülən işlərdən danışan akademik AMEA-da və digər elmi qurumlarda fəaliyyət göstərən mütəxəssisləri dünya və Azərbaycan alimləri haqqında informasiya ilə təmin etmək üçün AMEA Rəyasət Heyətində quraşdırılmış İnteraktiv İnformasiya Sisteminin virtual məkanın aktiv elementi olduğunu söylədi.

 

İnstitutun şöbə müdiri Gülnarə Nəbibəyova Wi-Fi vasitəsilə internetə qoşulmuş qurğuda İnteraktiv İnformasiya Sisteminin iş prinsipini əyani olaraq nümayiş etdirdi. Bildirdi ki, sistem 4 bölmədən ibarətdir. Bölmələrdə AMEA-nın təsisçiləri və prezidentləri, 1901-ci ildən 2014-cü ilədək Nobel mükafatına layiq görülmüş 900-ə yaxın laureat haqqında ensiklopedik informasiya öz əksini tapmışdır. Nobel mükafatı laureatlarına həsr olunmuş bölmədə illər, ölkələr və sahələr üzrə kateqoriyalar, həmçinin laureatlar haqqında ətraflı məlumat almaq üçün istinadlar yerləşdirilmişdir. “AMEA haqqında informasiya sistemi” bölməsindən isə ümümi məlumat əldə etmək mümkündür. O, həmçinin İnteraktiv İnformasiya Sisteminin açıq sistem olduğunu və buraya daim yeni məlumatların daxil edilməsinin mümkünlüyünü dilə gətirdi.

 

Sonda akademik Akif Əlizadə AMEA-da aparılan islahatlar, yeniliklər, o cümlədən magistr hazırlığının təşkili ilə bağlı informasiyanın da bu sistemə əlavə olunmasını tövsiyə etdi. E-elmin formalaşması istiqamətində bu kimi innovativ layihələrin həyata keçirilməsi və təkmilləşdirilməsinin zəruriliyini vurğuladı.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024