Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirildi.
Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev tədbirin 3338.01 - “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisasında texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işinin müzakirəsinə həsr olunduğunu bildirdi.
İnstitutun dissertantı Üzeyir Qurbanlı “Gömrük risklərinin idarə olunması üçün informasiya sistemi” mövzusunda dissertasiya işini təqdim edərək işin aktuallığı, elmi-praktiki əhəmiyyəti və digər məsələləri diqqətə çatdırdı.
Bildirdi ki, dissertasiya işinin məqsədi müasir informasiya texnologiyaları, riyazi üsullar və proqramlaşdırma texnologiyaları əsasında gömrük işində risklərin aşkarlanması, qiymətləndirilməsi və idarə olunması üçün informasiya sisteminin yaradılması və tətbiq edilməsidir.
Məruzəçi gömrük rəsmiləşdirilməsi zamanı kadr və texniki potensialın düzgün istifadəsinin təşkili üçün qərar qəbul etməni sadələşdirən müasir informasiya sistemlərinin mövcud olmaması, rəsmiləşdirmə prosesində gömrük rüsumlarının azaldılması, həmçinin qaçaqmalçılıq hallarının qarşısının alınması və s. kimi amillərin tədqiqatın aktuallığını xarakterizə etdiyini dilə gətirdi.
Ü.Qurbanlı gömrük risklərinin idarə olunması üçün ümumi mexanizmin və informasiya sisteminin modelinin, o cümlədən beynəlxalq əhəmiyyətli risklərin aşkarlanması və idarə olunması məqsədilə metod və alqoritmlərin işləndiyini qeyd etdi.
İşin elmi-praktiki əhəmiyyətindən söz açan iddiaçı gömrük risklərinin idarə olunması üçün proqram təminatının və risklərə nəzarət üçün interaktiv monitorinq sisteminin proqram təminatının işlənib hazırlandığını söylədi.
Məruzəçi alim və mütəxəssislərin suallarını cavablandırdı.
Müzakirələrdə iştirak edən texnika elmləri doktoru, professor Məsumə Məmmədova, texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktorları Firudin Ağayev, Şəfəqət Mahmudova, Bikəs Ağayev və digərləri dissertasiya işinin aktuallıq baxımından müvafiq elm sahəsi üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirdilər.
Rəyçilər - iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev tədqiqat işi ilə bağlı irad və təkliflərini səsləndirdilər.
Sonda dissertasiya işinin növbəti mərhələyə buraxılması qərara alındı.