Müasir smartfonlara quraşdırılmış sensorlar istifadəçinin yerdəyişməsini fiksasiya edir, qurğunun mövqeyindən asılı olaraq ekranı çevirir. ABŞ-da fəaliyyət göstərən bir qrup tədqiqatçı bildirir ki, smartfonlar zəlzələlər haqqında erkən xəbərdarlıq sistemlərində faydalı alət kimi bir çox insan həyatını xilas edəcək.
3dnews.ru saytının məlumatına görə, smartfonlara quraşdırılmış akselerometrlər sayəsində 7 və daha çox bal gücündə olan zəlzələni proqnozlaşdırmaq mümkündür.
Tədqiqatlara əsasən, akselerometrlər və GPS-modullardan əldə olunan məlumatları birləşdirərək, real vaxt rejimində seysmik fəallığın dəqiq xəritəsi yaradılacaq.
Qeyd edək ki, bu xidmət ödənişsizdir. Smartfon istifadəçilərinin təhlükə haqqında dərhal xəbərdarlıq alması üçün hazırlanmış xüsusi proqramı smartfona yükləməsi kifayətdir.
Lakin analizin yüksək dəqiqliklə həyata keçirilməsi üçün seysmik cəhətdən fəal bölgələr haqqında məlumatların əldə olunmasına ehtiyac duyulur. Bu məqsədlə bir çox işlərin görülməsi zəruridir.