Dünya üzrə ən azı 82 min kompüter sahibinin elektron vəsaitlərini kənar hesablara köçürən virusa yoluxub. Bu haqda Tokio Polis İdarəsinin (Yaponiya) kibernetika təhlükəsizliyi bölməsi məlumat verib.
hitech.newsru.com saytının məlumatına görə, virusa yoluxmuş kompüterlərin təxminən 50 faizi Yaponiyanın, digər hissəsi isə Avropa və Asiya ölkələrinin payına düşür. Tokio polisi hazırda istifadəçilərin pul vəsaitlərinin qanunsuz köçürülməsi hallarını araşdırır və yerli internet provayderlərə müştərilərinin kompüterlərinə müvafiq antivirus proqram təminatının quraşdırılması tövsiyəsi ilə müraciət edib.
Kibercinayətkarlar ilk dəfə 2013-cü ildə qeydə alınmış “Vawtrak” adlı bu virusu elektron məktuba əlavə edilmiş zərərli arxiv faylları vasitəsilə yayıblar. Tokio Polis İdarəsinin kibernetika təhlükəsizliyi bölməsi özəl şirkətlərlə birgə bu virusu tamamilə bloklayan xüsusi sistem hazırlayıb və tədricən onu Yaponiya ərazisində tətbiq etməyə başlayıb.
Məlum olub ki, viruslardan dəymiş illik zərər 24,1 milyard dolları ötür.