“AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” mövzusunda respublika elmi-praktiki seminarı keçirildi 2015-04-13 11:55:58 / KONFRANSLAR

10 aprel 2015-ci il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda “AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” mövzusunda respublika elmi-praktiki seminarı keçirildi.

 

Məqsəd ölkənin elm və təhsil qurumlarının AzScienceNet elm-kompüter şəbəkəsinin mövcud infrastrukturu, göstərdiyi xidmətlər, yüksək hesablama və yaddaş imkanları, elektron elmin inkişafında rolu, rouminq və bulud xidmətləri, şəbəkənin monitorinqi və təhlükəsizliyi, beynəlxalq elmi mühitə inteqrasiyası, habelə bu şəbəkədə formalaşan informasiya bazası üzərində elmi-tədqiqat imkanları kimi aktual məsələlərlə bağlı məlumatlandırılmasıdır.

 

Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev seminarın AR Prezidentinin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış: İnkişaf Konsepsiyası”, 4 may 2009-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və 2 aprel 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”dan irəli gələn vəzifələrin yerinə yetirilməsinə xidmət etdiyini bildirdi. Belə ki, həmin konsepsiya və strategiyalarda elmin informasiya təminatının gücləndirilməsi, elmi fəaliyyət sahəsində İKT-nin tətbiqi və elektron elmin formalaşdırılması kimi mühüm vəzifələr müəyyən edilmişdir. “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın həyata keçirilməsi üçün 2014-2017-ci illəri əhatə edən tədbirlər planında da AzScienceNet elm-kompüter şəbəkəsinin inkişaf etdirilməsi məsələsi öz əksini tapmışdır.

 

R.Əliquliyev müvafiq konsepsiya və strategiyalardan irəli gələn vəzifələrin icrasında AMEA-nın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli İnternet xidmətləri göstərməklə Azərbaycan elminin dünya elminə inteqrasiyasını təmin edən, elm və təhsil şəbəkələri üzrə milli operator olan AzScienceNet elm-kompüter şəbəkəsinin mühüm rol oynadığını qeyd etdi.

 

Sonra AR Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədov çıxış edərək Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası arasında bir neçə istiqamətdə, o cümlədən İKT sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində bu kimi tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı.

 

İnstitutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov“AzScienceNet şəbəkəsinin inkişaf mərhələləri, mövcud infrastrukturu və xidmətləri” mövzusunda məruzə ilə çıxış edərək AMEA korporativ şəbəkəsi əsasında yaradılmış AzScienceNet elm-kompüter şəbəkəsinin elmi-tədqiqat, elmi-praktiki və tədris məsələlərinin həyata keçirilməsində AMEA-nın institut və təşkilatlarını genişzolaqlı İnternet xidmətləri ilə təmin etdiyini söylədi. AzScienceNet-in AMEA-nın əməkdaşlarına Wi-Fi, Eduroam, Cloud Computing, Hosting, e-mail, distant təhsil və s. xidmətlər göstərdiyini diqqətə çatdırdı.

 

Onun sözlərinə görə, 2011-ci ilin sonlarında AzScienceNet şəbəkəsi əsasında AMEA-nın institut və təşkilatlarında meydana çıxan strateji əhəmiyyətli böyük hesablama və yaddaş resursları tələb edən mürəkkəb məsələlərin həlli üçün DATA yaradılmışdır.

 

R.Ələkbərov İKT infrastrukturu və xidmətlərinin, o cümlədən genişzolaqlı İnternetin inkişaf etdirilməsinin, optik şəbəkəyə əsaslanan genişzolaqlı infrastrukturun qurulmasının Azərbaycanda informasiya cəmiyyətinin inkişaf etdirilməsi ilə bağlı əsas hədəflərdən biri olduğunu və AzScienceNet-in də öz fəaliyyəti ilə bu istiqamətdə görülən işlərə yaxından dəstək verdiyini qeyd etdi.

 

Məruzəçinin sözlərinə görə, AzScienceNet-in şəbəkə infrastrukturunun 95 faizi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə fiber-optik kabel əsasında qurulmuş, AzScienceNet şəbəkəsinin texniki imkanlarının artırılmasından sonra İnternetə qoşulma sürəti 270 Mbit/san-yə çatdırılmış və indiyə kimi 4000-ə yaxın kompüter AzScienceNet şəbəkəsinə qoşulmuşdur.

 

İntitutun şöbə müdiri, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev“AzScienceNet şəbəkəsində formalaşan informasiya bazası üzərində elmi-tədqiqat imkanları” haqqında məruzəni seminar iştirakçılarının nəzərinə çatdırdı. Məruzəçi AzScienceNet şəbəkəsindən istifadənin üstünlüklərindən söz açaraq şəbəkənin informasiya mədəniyyətinin qiymətləndirilməsi, sosial şəbəkələrin aşkarlanması, beynəlxalq əlaqələr, maraq dairəsi və aktivliyin müəyyən edilməsi, loq faylların intellektual analizi kimi imkanlar verdiyini söylədi. Onun sözlərinə görə, AzScienceNet şəbəkəsinin geniş imkanları sayəsində mütəxəssis və alimlər tərəfindən işlənilən metod və alqoritmlərin adekvatlığının yoxlanılması, təcrübədən keçirilməsi və əsaslı tədqiqatlar aparılması mümkündür.

 

“AzScienceNet şəbəkəsinin elektron elmin formalaşmasında rolu” adlı məruzə ilə çıxış edən institutun şöbə müdiri Təhmasib Fətəliyev bildirdi ki, AzScienceNet elm-kompüter şəbəkəsi ölkəmizdə formalaşmaqda olan elektron elmin şəbəkə platforması və infrastrukturu kimi də çıxış edir. “Belə ki, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı” çərçivəsində elmi fəaliyyətin İKT əsasında yenidən qurulması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlər görülür” - , deyə bildirən məruzəçi həmçinin AMEA Rəyasət Heyətinin qərarı ilə “E-elm layihəsinin işlənməsi və reallaşdırılması” elmi proqramının həyata keçirildiyini söylədi.

 

Tədbirdə çıxış edən institutun şəbəkə adminstratoru Məmmədrəsul YaqubzadəAzScienceNet şəbəkəsində Eduroam xidmətinin yaradıldığını diqqətə çatdırdı. Onun sözlərinə görə, bu şəbəkədə yerləşdirilmiş server respublika üzrə milli operator funksiyasını yerinə yetirir və 2011-ci il noyabrın 11-də TERENA təşkilatının nəzdində fəaliyyət göstərən “European Eduroam Confederation” təşkilatında qeydiyyatdan keçmişdir. 

 

AzScienceNet elm-kompüter şəbəkəsində Cloud-xidmətlərdən istifadə qaydalarından danışan AzScienceNet-in şəbəkə adminstratorlarından biri Tural Mustafayev məsələlərin emalı və yadda saxlanılmasına xidmət edən hesablama sistemi olan “Cloud Computing” haqqında məlumat verdi. AMEA-nın institut və təşkilatları, ölkənin ali təhsil müəssisələri, digər elmi qurumlar və fərdi istifadəçilərin AzScienceNet elm-kompüter şəbəkəsinin təqdim etdiyi “Cloud Computing” xidmətindən yararlanmaq imkanı olduğunu dilə gətirdi.

 

İnstitutun sektor müdiri Babək Nəbiyev AzScienceNet şəbəkəsində monitorinq və təhlükəsizlik məsələləri haqqında məruzə ilə çıxış edərək AzScienceNet informasiya təhlükəsizliyinin monitorinqi sisteminin şəbəkənin fəaliyyətinin təmin edilməsinə, AMEA əməkdaşlarının İnternet resurslarından istifadəsinin monitorinqi və təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş proqram-aparat kompleksi olduğunu söylədi. AzScienceNet informasiya təhlükəsizliyinin monitorinqi sisteminin AMEA-nın Rəyasət Heyəti və bütün təşkilatlarına məxsus olan informasiya resursları, informasiya sistemləri və şəbəkələrindən, tətbiqi proqramlarından hər hansı formada istifadə edən bütün AMEA əməkdaşlarına şamil edildiyini vurğuladı.

 

AzScienceNet şəbəkəsinin beynəlxalq elmi mühitə inteqrasiyasından danışan institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev bu istiqamətdə də müəyyən işlər görüldüyünü nəzərə çatdırdı. Bildirdi ki, bu məqsədlə İnformasiya Texnologiyaları İnstitutu Avropa üzrə bütün elm və təhsil qurumlarına xidmət göstərən nəhəng elektron infrastruktura - GEANT layihəsinə qoşulmuşdur.

 

Onun sözlərinə görə, GEANT bir sıra mühüm layihələrdə AzScienceNet ilə əməkdaşlıq etmək niyyətindədir. Hazırda 44 müxtəlif istiqamət üzrə 50 min km uzunluğunda şəbəkə infrastrukturuna malik olan GEANT 43 ölkəyə, 10 min təşkilata və 10 milyonlarla istifadəçiyə xidmət göstərir.

 

Seminarda AMEA-nın institut və təşkilatlarının, o cümlədən ali təhsil müəssisələrinin məsul şəxsləri iştirak edirdilər.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024