AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə Qafqaz Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olundu 2015-04-13 11:37:54 / KONFRANSLAR

Aprelin 9-da Qafqaz Universitetinin rektoru, professor Əhməd Sanıç və həmin universitetin bir qrup nümayəndə heyəti – Kompüter mühəndisliyi kafedrasının müdiri, texnika üzrə fəlsəfə doktoru Əli Şahintaş, İnformasiya texnologiyaları və sistemləri kafedrasının müdiri, texnika üzrə fəlsəfə doktoru Anar Rüstəmov, CEDAWI mərkəzi, “IEEE Computer Society” və “IEEE Communications Society” Azərbaycan bölmələrinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Abzetdin Adamov AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) oldu. Məqsəd elm və təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin inkişafı, birgə elmi-texniki və innovasiya layihələrinin həyata keçirilməsi, yeni İKT biliklərinə malik gənc kadrların yetişdirilməsi istiqamətində birgə fəaliyyətin təşkili olmuşdur.

 

Öncə qonaqlar institutun AzScienceNet elm kompüter şəbəkəsi, Tədris-İnnovasiya və Distant Tədris mərkəzləri, həmçinin Elektron Kitabxana Mərkəzi və Elmi Araşdırmalar Mərkəzində görülən işlər, həyata keçirilən layihələr, o cümlədən müasir texnologiyalarla təchiz olunmuş auditoriyalar ilə yaxından tanış oldular. 

 

Sonra qonaqlar və institut əməkdaşlarının iştirakı ilə dəyirmi masa keçirildi.

 

AMEA İTİ-nin müvafiq dövlət qurumları, yüksək elmi-texniki potensiala malik ali təhsil müəssisələri, o cümlədən Qafqaz Universiteti ilə əlaqələrindən söhbət açan AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev bu sahədə beynəlxalq əməkdaşlıq əlaqələrinin də getdikcə vüsət aldığını söylədi.

 

Elmi-texniki sahənin innovativ inkişafına, elm və təhsilin inteqrasiyasına xidmət edən hər bir elmi-tədqiqat müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi və dövrün tələblərinə cavab verən gənc kadrların hazırlanmasının AMEA rəhbərliyinin diqqət mərkəzində olan məsələlərdən olduğunu dilə gətirdi. Alim institutun elmi-texniki innovasiya proseslərində yaxından iştirak etdiyini qeyd edərək İTİ-nin bir sıra dövlət proqramları, elmi-tədqiqat, innovasiya, qrant və digər layihələrdə iştirak etdiyini vurğuladı.

 

Qloballaşan dünyada yüksək ixtisaslı kadrlara tələbatın artdığını söyləyən alim bildirdi ki, kadrların yetişdirilməsi və cəmiyyətə inteqrasiyasında universitet və elmi müəssisələr mühüm rol oynayır. Qafqaz Universitetinin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirən institut direktoru universitetin təkcə Azərbaycanda deyil, regionda da aparıcı ali təhsil ocaqlarından birinə çevrildiyini bildirdi.

 

Sonra çıxış edən professor Ə.Sanıç 2 il sonra yenidən institutda olmaqdan məmnunluğunu ifadə etdi. İTİ ilə birgə davamlı əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduqlarını qeyd etdi. Elm və təhsilin vəhdətini hər bir cəmiyyətin tərəqqisində mühüm amil kimi dəyərləndirən rektor təhsilin yüksək səviyyədə təşkil edildiyi elmi müəssisələrdə innovativ bilik və təcrübə əldə etməyin mümkünlüyündən danışdı.

 

Bu cəhətdən Qafqaz Universitetin yüksək bal toplamış tələbələrin keyfiyyətli təhsil almağa üstünlük verdikləri ali təhsil müəssisələrindən olduğunu vurğulayaraq burada yüksək ixtisaslı kadr hazırlığı sahəsində mövcud təcrübədən söz açdı, müasir dövrdə gənclərin İT profilli sahələrə üstünlük verdiyini qeyd etdi. Ə.Sanıç universitetdə xarici ölkələrdə təlimlər keçərək informasiya texnologiyaları sahəsində ixtisaslaşmış mütəxəssislərin çalışdığını dilə gətirdi.

 

Müxtəlif beynəlxalq elmi təşkilatların proqram və layihələrində iştirakın əhəmiyyətini qeyd edən alim Avropa Birliyinin qrant layihələri ilə bağlı müsabiqələrində iştirakın vacibliyini vurğuladı.

 

Universitet rəhbəri elmi müəssisə və mərkəzlərlə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsinin müasir dövr təhsil sisteminin qarşısında duran mühüm vəzifələrdən biri olduğunu söylədi, hər iki tərəfin vahid ideya ətrafında fəaliyyətinin səmərəli nəticələrin əldə olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdi.  Rektor biliklərin yeni nəsillərə ötürülməsi, yüksəkixtisaslı kadr hazırlığı və birgə innovativ layihələrin həyata keçirilməsinin başlıca hədəflərdən olduğunu diqqətə çatdırdı.

 

Tədbirdə AzScienceNet şəbəkəsinin təqdim etdiyi Eduroam xidmətlərindən istifadə, İSO standartlarının alınması, kitabxana xidmətləri üzrə əməkdaşlıq məsələləri də müzakirə olundu. Həmçinin elmi-tədqiqat istiqaməti üzrə robotlar, bulud texnologiyaları, böyük verilənlərin analizi, Avropa İttifaqının “Erasmus+” “Horizon2020” proqramları üzrə əməkdaşlıq, AMEA İTİ və Qafqaz Universiteti arasında birgə magistratura və doktorantura təhsili layihəsi və s. istiqamətlərdə təkliflər irəli sürüldü. Azərbaycanda təhsildə və elmdə beynəlxalq resurslara, kitabxanalara daxil olan jurnallara çıxış imkanının yaradılması probleminin müzakirəsi üçün birgə fəaliyyətin vacibliyi vurğulandı.

 

Bildirildi ki, ali məktəb tələbələri arasında İnformatika Olimpiadası, orta məktəb şagirdləri və ali məktəb tələbələri arasında İnformatika Layihə Olimpiadasının, o cümlədən “İnformasiya və Kommunikasiya Texnologiyalarının Tətbiqi” mövzusunda X Beynəlxalq konfransın (AİCT) keçirilməsi üzrə birgə əməkdaşlıq əlaqələri davam etdiriləcək.

 

Sonra davam edən müzakirələrdə A.Adamov, A.Rüstəmov, Ə.Şahintaş, institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev, şöbə müdiri Təhmasib Fətəliyev, sektor müdiri, texnika üzrə fəlsəfə doktoru Şəfəqət Mahmudova və digərləri çıxış edərək tədbirin keçirilməsinin əhəmiyyətini qeyd etdilər, təklif və tövsiyələrini səsləndirdilər.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024