Azərbaycan Tibb Universitetində qlobal şəbəkə rouminqi xidməti istifadəyə verilib 2026-04-29 12:00:00 / MÜHÜM HADİSƏLƏR

ETN İnformasiya Texnologiyaları İnstitutunda AzScienceNet şəbəkə infrastrukturunun əhatə dairəsinin genişləndirilməsi və Azərbaycanda rəqəmsal transformasiyanın inkişafında rolunun gücləndirilməsi istiqamətində məqsədyönlü fəaliyyət davam etdirilir. GEANT-ın (Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyası) qabaqcıl texnoloji xidmətlərindən biri olan eduROAM-un (education roaming) AzScienceNet vasitəsilə ölkənin elmi-tədqiqat institutları və ali təhsil müəssisələrində tətbiqi və genişləndirilməsi Azərbaycanın elm və təhsil mühitinin Avropa məkanına inteqrasiyasının sürətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. 

Bu yaxınlarda İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet şəbəkəsinin mütəxəssislərinin dəstəyi ilə Azərbaycan Tibb Universitetinin eduROAM xidmətinə qoşulması təmin olunub.

Azərbaycan Tibb Universitetində eduROAM xidmətinin quraşdırılması İnformasiya Texnologiyaları İnstitutu ilə universitet arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilmişdir. Memorandumda İKT sahəsində əməkdaşlığın digər mühüm istiqamətləri ilə yanaşı, AzScienceNet vasitəsilə GEANT Assosiasiyası tərəfindən təqdim olunan imkanlar, o cümlədən yüksəksürətli İnternetə çıxışın və qabaqcıl şəbəkə xidmətlərindən istifadənin təmin edilməsi məsələləri öz əksini tapmışdır.

Qeyd edək ki, eduROAM beynəlxalq elm və təhsil məkanı üçün nəzərdə tutulmuş qlobal şəbəkə rouminqi xidmətidir. Universitetlərin professor-müəllim heyəti, həmçinin tələbələri bu xidmətin identifikasiya infrastrukturu ilə əhatə olunmuşdur. Xidmət dünyanın istənilən elm və təhsil qurumunda ödəniş etmədən İnternetə asan və təhlükəsiz çıxış imkanı yaradır. 

Məlumat üçün bildirək ki, eduROAM xidməti hazırda dünyanın 106 ölkəsində 6 mindən çox elm və təhsil qurumunda istifadə olunur. Azərbaycanda 36 təşkilatda quraşdırılmış eduROAM xidmətinin ölkənin digər elm və təhsil müəssisələrində də quraşdırılması və genişləndirilməsi istiqamətində işlər davam etdirilir.  

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2025