AzScienceCERT növbəti beynəlxalq akkreditasiyadan uğurla keçib 2026-04-21 10:00:00 / KONFRANSLAR

Məlum olduğu kimi, son illər Azərbaycanda kibertəhlükəsizlik sahəsində ardıcıl və sistemli dövlət siyasəti həyata keçirilməkdədir. İnformasiya təhlükəsizliyinin milli təhlükəsizliyin əsas komponentlərindən biri kimi müəyyənləşdirilməsi bu sahədə institusional yanaşmanı daha da gücləndirmişdir. Bu kontekstdə Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası” ölkənin rəqəmsal təhlükəsizlik arxitekturasının formalaşdırılmasında mühüm yol xəritəsi rolunu oynayır.

Strategiyadan irəli gələn vəzifələrin icrası məqsədilə ETN İnformasiya Texnologiyaları İnstitutu tərəfindən kibertəhlükəsizlik infrastrukturu gücləndirilir, AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin AzScienceCERT (Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi) xidmətinin imkanları genişləndirilir və beynəlxalq əməkdaşlıq mexanizmlərinə inteqrasiya dərinləşdirilir. Bu istiqamətdə əldə olunan mühüm nəticələrdən biri də AzScienceCERT xidmətinin “TF-CSIRT Trusted Introducer” birliyi tərəfindən növbəti dəfə uğurla akkreditasiya olunmasıdır.

Qeyd edək ki, “TF-CSIRT Trusted Introducer” birliyi 2000-ci ildə Avropanın aparıcı kibertəhlükəsizlik qrupları tərəfindən yaradılmışdır. Əsas məqsədi müxtəlif ölkələrdə kompüter təhlükəsizliyi insidentlərinə qarşı mübarizənin gücləndirilməsi, bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi və informasiya təhlükəsizliyi sahəsində operativ məlumat mübadiləsinin təmin edilməsidir.

Azərbaycanda fəaliyyətə başlamış ilk CERT strukturu olan AzScienceCERT xidməti 2010-cu ildə yaradılmış və Azərbaycanın elm və təhsil şəbəkəsində informasiya təhlükəsizliyi insidentlərinə cavab vermək üzrə ixtisaslaşmışdır. AzScienceNet şəbəkəsinin 2015-ci ildə GEANT Assosiasiyasında milli elm və təhsil şəbəkələrinin operatoru statusunda üzvlüyə qəbul olunması AzScienceCERT-in də institusional və texnoloji inkişafına əhəmiyyətli töhfə vermişdir. AzScienceCERT, həmçinin beynəlxalq CERT təşkilatları ilə əməkdaşlıq edir, təcrübə mübadiləsi aparır və qlobal kibertəhlükəsizlik təşəbbüslərində fəal iştirak edir. 

Bu xidmətin əsas missiyası AzScienceNet şəbəkəsində informasiya təhlükəsizliyi risklərinin idarə olunması, kritik infrastrukturun qorunması və dayanıqlı fəaliyyətin təmin edilməsidir. Bundan əlavə, AzScienceCERT universitetlər, elmi-tədqiqat institutları və təşkilatları daxil olmaqla minlərlə alim, müəllim, tələbə və doktorant üçün geniş imkanlar təqdim edir. AzScienceCERT Azərbaycanda elm və təhsil sektorunun kibertəhlükəsizliyinin təmin olunmasında fəal iştirak edir, elmi tədqiqatlar və informasiya təhlükəsizliyi sahəsində kadr hazırlığı üçün eksperimental baza rolunu oynayır.   

Xatırladaq ki, AzScienceCERT 30 may 2011-ci ildə beynəlxalq səviyyədə akkreditasiyadan uğurla keçmişdir. Həmin vaxtdan etibarən AzScienceCERT mütəmadi olaraq beynəlxalq qiymətləndirmələrdən keçərək öz fəaliyyətini təkmilləşdirmiş və qlobal kibertəhlükəsizlik birliyinin fəal iştirakçılarından birinə çevrilmişdir. Bu il də sertifikat AzScienceCERT və TF-CSIRT birliyi çərçivəsində davamlı əməkdaşlığın göstəricisi olaraq, tərəfdaş qurumlar arasında etimadın və peşəkar əlaqələrin gücləndirilməsinə, eləcə də ortaq rəqəmsal mühitin dayanıqlığına verilən töhfəyə görə təqdim olunmuşdur.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2025