Azərbaycan Tibb Universiteti ilə İnformasiya Texnologiyaları İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb 2026-01-05 10:00:00 / MÜHÜM HADİSƏLƏR

Azərbaycan Tibb Universiteti ilə AR ETN İnformasiya Texnologiyaları İnstitutu arasında rəqəmsal səhiyyə və rəqəmsal tibb sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə dair Memorandum imzalanıb.

Azərbaycan Tibb Universitetində (ATU) keçirilən görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli, AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev, eləcə də hər iki qurumu təmsil edən məsul şəxslər, alim və mütəxəssislər iştirak ediblər.

Sonra akademik Rasim Əliquliyev çıxış edərək IV Sənaye İnqilabı və süni intellektin təsiri ilə yaranan qabaqcıl texnologiyaların inkişaf etdirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini, Cənab Prezident İlham Əliyev tərəfindən 2025-ci ildə bir neçə mühüm strateji sənədin qəbul edildiyini söyləyib. “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın alim və mütəxəssislərin qarşısına mühüm vəzifələr qoyduğunu vurğulayıb: “Həmin sənədlərdə süni intellektin digər sahələrlə yanaşı, səhiyyə sektoruna da ciddi dəyişikliklər gətirəcəyi nəzərə alınaraq, bu sferada elmi tədqiqatların və əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, innovasiya mühitinin dəstəklənməsi kimi məsələlərə xüsusi diqqət yetirilir”.

Görüşün sonunda Azərbaycan Tibb Universiteti ilə İnformasiya Texnologiyaları İnstitutu arasında rəqəmsal səhiyyə və rəqəmsal tibb sahələrində əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumda innovasiyaların, rəqəmsal texnologiyaların, səhiyyə və tibbi fəaliyyətə dair verilənlərin kibertəhlükəsizliyinin və data suverenliyinin təmin edilməsi sahəsində dövlət siyasətindən irəli gələn vəzifələrin icrasına elmi dəstəyin göstərilməsi, tibbdə süni intellekt və rəqəmsal texnologiyaların tətbiqinə dair birgə elmi tədqiqatların aparılması, qrant layihələrində iştirak, seminar və konfransların təşkili, kadr və təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub.

Həmçinin ATU-da AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzi vasitəsilə GEANT Asossiasiyasının təqdim etdiyi imkanlardan, sürətli internet və qabaqcıl şəbəkə xidmətlərindən istifadənin təmin edilməsi, institutun alim və mütəxəssisləri tərəfindən ATU-nun tələbələrinə elmi-metodiki dəstəyin göstərilməsi, yüksəkixtisaslı kadrların hazırlanması və birgə qrant layihələrinin həyata keçirilməsinə dair geniş fikir mübadiləsi aparılıb, təkliflər irəli sürülüb.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024