AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri beynəlxalq konfransda və EaPConnect layihəsinin iclaslarında iştirak edib 2024-10-18 17:30:00 / KONFRANSLAR

ETN İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, tex.f.d Babək Nəbiyev Moldovanın Elm və Təhsil Şəbəkəsinin (RENAM) 25 illiyinə həsr olunmuş “RENAM E-İnfrastruktur – Milli elm və təhsildə effektivliyin təmin olunması” mövzusunda beynəlxalq konfransda və EaPConnect layihəsinin iclaslarında iştirak edib.

Moldava Dövlət Universitetində baş tutan tədbirə 31 təşkilat və 14 ölkədən 100 iştirakçı qatılıb. İştirakçılar arasında RENAM-ın əlaqəli qurumlarının, Şərq Tərəfdaşlığı və Avropa İttifaqının Milli Elm və Təhsil Şəbəkələrinin, “EU4Digital: Elm və Təhsil İcmalarının Əlaqələndirilməsi” (EaPConnect) layihəsinin, GEANT-ın, eləcə də Moldova hökumətinin nümayəndələri və Avropa İttifaqı rəsmiləri yer alıb.

Tədbirdə çıxış edən GEANT Assosasiyasının baş icraçı direktoru Erik Huizer, EaPConnect Layihə Meneceri İrina Matthews, o cümlədən Rəqəmsal İqtisadiyyat və İnkişaf üzrə Proqram Meneceri, Avropa Komissiyasının nümayəndəsi Thibault Charlet RENAM-ın Moldovanın tədqiqat və təhsil sahəsinin inkişafı baxımından əhəmiyyətini qeyd ediblər.

İclaslarda həmçinin EaPConnect layihəsinin tərəfdaşları, Avropa Elm və Təhsil Şəbəkələrinin, PSNC (Polşa) və GARR (İtaliya) şəbəkələrinin nümayəndələri çıxış edərək, RENAM-a gələcək fəaliyyətində uğurlar arzulayıblar, beynəlxalq əməkdaşlığın önəmini və tədqiqat problemlərinin həllində Milli Elm və Təhsil Şəbəkələrinin mühüm rol oynadığını vurğulayıblar.

Beynəlxalq konfransla yanaşı, həftə ərzində Moldovanın Kişinyov şəhərində bir sıra mühüm görüşlər də baş tutub. B.Nəbiyev həmçinin İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə İnnovasiya Forumunda iştirak edib. Hər il keçirilən bu mötəbər forum Şərq Tərəfdaşlığı ölkələrindən informasiya-kommunikasiya texnologiyaları innovasiyaları və startap ekosistemlərinin liderlərini, hökumət nazirlikləri və agentliklərinin nümayəndələrini, eləcə də digər ekspertləri bir araya gətirir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024