ADA Universitetində NATO Sülh və Təhlükəsizlik naminə Elm proqramı (Science for Peace and Security - SPS) barədə “Məlumatlandırma günü” keçirilib. AR Xarici İşlər Nazirliyi və NATO-nun İnnovasiya, Hibrid və Kiberməsələlər üzrə bölməsinin birgə təşkilatçılığı ilə baş tutan tədbir çərçivəsində NATO-nun Azərbaycan ilə elmi əməkdaşlıq fəaliyyətlərinə və yerli tədqiqat ictimaiyyətini cəlb edən yeni ideyaların təşviqinə, eləcə də SPS sahəsində təcrübələr və əldə olunan nəticələrin müzakirəsinə diqqət yetirilib. Toplantıda NATO-nun müvafiq qurumları, AMEA və Elm və Təhsil Nazirliyinin nəzdində olan institutların məsul şəxsləri, eləcə də Azərbaycanın Xarici İşlər və Müdafiə nazirliklərindən 40-dan çox nümayəndə iştirak edib.
Tədbirdə ETN İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, tex.f.d., Babək Nəbiyev də çıxış edib. B. Nəbiyev tədbir iştirakçılarına institutun NATO ilə əməkdaşlığını əks etdirən “NATO ilə Azərbaycan arasında əməkdaşlıq: Kibertəhlükəsizlik (üzrə) və tədqiqat təşəbbüslərinin inkişafı” adlı məruzə təqdim edib. O, 2003-cü ildə İnformasiya Texnologiyaları İnstitutu və NATO arasında əməkdaşlığın başlamasına təkan verən “Virtual İpək Yolu” layihəsi haqqında da məlumatı tədbir iştirakçılarının nəzərinə çatdırıb. Qeyd edib ki, layihə çərçivsində AMEA-nın əsas binasında peyk qurğusu quraşdırılmışdır: “Peyk həmin dövrdə institutları yüksəksürətli internetlə təmin etmək baxımından çox əhəmiyyətli rola malik idi”.
Mərkəz rəhbəri çıxışı zamanı NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramının dəstəyi, İnformasiya Texnologiyaları İnstitutu və Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda onlayn beynəlxalq konfrans haqqında da danışıb. Bundan əlavə, institutun icra etdiyi cari layihələrə dair (Eu4Digital, GN5-1) məlumatları toplantı içtirakçılarının nəzərinə çatdırıb.
Qeyd edək ki, NATO-nun Sülh və Təhlükəsizlik Naminə Elm Proqramının nümayəndələri praktiki elmi əməkdaşlığı nəzərdən keçirmək və kritik infrastrukturun kiberhücumlardan qorunmasına yönəlmiş yeni tədqiqat layihəsinə başlamaq üçün Bakıda səfərdə olmuşdur.