İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Aliquliyev və AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev TNC24 (Terena Networking Conference, TERENA Şəbəkə Konfransı) beynəlxalq tədbirində iştirak ediblər.
Fransanın Tədqiqat və Təhsil Şəbəkəsinin ev sahibliyi ilə Renn şəhərində keçirilən beynəlxalq tədbirdə 70 ölkəni təmsil edən 800-dən çox mütəxəssis iştirak edib.
Avropanın elm və təhsil şəbəkələri üzrə ən böyük və nüfuzlu tədbirlərindən hesab edilən TNC GEANT Assosasiyası tərəfindən təşkil olunur. Konfrans hər il dünyanın müxtəlif ölkələrindən olan aparıcı şəbəkə təşkilatlarını, ali təhsil müəssisələrini, ekspertləri, eləcə də sənaye nümayəndələrini bir araya gətirir.
Konfransda TNC24 proqramı üzrə aktual problemlərə həsr olunmuş plenar toplantılar, təlim seminarları, sessiyalar keçirilib. Həmçinin bulud texnologiyaları, tədqiqat və təhsil üçün süni intellekt, rəqəmsal əkizlər, kibertəhlükəsizlik, GEANT-ın təqdim etdiyi xidmətlər (eduroam, eduGAIN, FileSender) və s. məsələlərə dair müzakirələr aparılıb.
Tədbir çərçivəsində, institutun əməkdaşları GEANT Assosiasiyasının Baş Assambleyasının iclasında, eləcə də Şərq Tərəfdaşlığı ölkələrinin iştirakı ilə EaPConnect layihəsinin İdarəetmə Heyətinin iclasında iştirak ediblər. İclasda 2023-cü il üzrə illik hesabat, şəbəkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi, GEANT Assosiasiyasının fəaliyyət planı və digər məsələlər müzakirə olunub.
Qeyd edək ki, EaPConnnect layihəsininin nümayəndələri bu il də TNC24 konfransında iştirak etmək üçün Renn şəhərində toplaşıblar. Konfransın sessiyalarında EaPConnect layihəsində iştirak edən Şərq Tərəfdaşlığı ölkələri geniş tərkibdə təmsil olunub. Sessiyada AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri Babək Nəbiyev həm Azərbaycan, həm də İnformasiya Texnologiyaları İnstitutu və AzScienceNet şəbəkəsi haqqında təqdimatla çıxış edib. Məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Növbəti TNC konfransının İngiltərənin Brayton şəhərində keçirilməsi planlaşdırılır.