İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva 8-12 aprel 2024-cü il tarixlərində Praqa şəhərində elmi ezamiyyətdə olub. O, GEANT Assosiasiyasının təşkil etdiyi “Təhlükəsizlik Günləri” seminarında iştirak edib.
Ezamiyyət Azərbaycan Elm Fondunun “Sosial kiber-fiziki sistemlərdə fərdi məlumatların qorunması üçün süni intellekt üsullarının işlənməsi” qrant layihəsi çərçivəsində baş tutub. Görüş zamanı F. Abdullayeva qrant layihəsi çərçivəsində nəzərdə tutulmuş məsələlər və yerinə yetirilmiş işlər barədə danışıb.
Məruzəçi sosial kiber-fiziki sistemlərin fərdi məlumatlar seqmentinin konseptual modelinin işlənməsinin, sosial kiber-fiziki sistemlərdə toplanan fərdi məlumatların konfidensiallığına yönəlmiş kibertəhlükələr və onların analizinin aparılmasının, enerji təchizatı şəbəkəsinin intellektual kontrollerlərində toplanan fərdi məlumatların məxfiliyinin qorunması üsulunun işlənməsinin, şəhər nəqliyyatının sosial kiber-fiziki tənzimlənməsi sistemlərində toplanmış fərdi məlumatların kiberhücumlardan mühafizəsi üsulunun işlənməsinin, fişinq saytları vasitəsilə fərdi məlumatların təhlükəsizliyini hədəfə alan təhdidlərə qarşı mübarizə üsulunun işlənməsinin, sosial mediada dezinformasiya fəaliyyətlərinin aşkarlanması üçün maşın təlimi metodunun işlənməsinin müsbət nəticələr verə biləcəyini və bu istiqamətdə birgə tədqiqatların aparılmasının zəruri olduğunu vurğulayıb.
Məruzə ətrafında geniş müzakirələr aparılıb. Müzakirələr əsasən sosial kiber-fiziki sistemlərin kiberhücumlardan mühafizəsi müxanizmləri, bu mühitdə toplanan fərdi məlumatların qorunması yolları, fişinq hücumlarınına qarşı müdafiə və dezinformasiyanın aşkarlanması üsulları ətrafında olub.
Sonra layihə çərçivəsində əldə olunmuş nəticələr müzakirə olunub, rəy və təkliflər səsləndirilib. Görüşün yekununda tərəflər birgə elmi əməkdaşlıq üçün maraqlı olduqlarını bildiriblər, gələcəkdə bu istiqamətdə birgə tədqiqatların aparılması və layihələrin işlənilməsinin vacibliyini qeyd ediblər. Gələcəkdə aparılacaq birgə tədqiqatlar nəticəsində əldə olunmuş metod və alqoritmlər sosial kiber fiziki sistemlərdə toplanan fərdi məlumatların effektiv qorunmasına imkan verəcəyini bildiriblər.