İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev və Mərkəzin baş mütəxəssisi Aqşin Paşayev 12-14 mart tarixlərində Niderlandın Amsterdam şəhərində keçirilən təhlükəsizlik üzrə təlimdə iştirak ediblər.
Təlim GEANT tərəfindən “Security Bootcamp” layihəsi çərçivəsində Şərq Tərəfdaşlığı Ölkələrinin Tədqiqat və Təhsil şəbəkələri (A national research and education network, NRENs) üçün təşkil olunmuşdur. Bu təlimin keçirilməsində əsas məqsəd milli tədqiqat və təhsil şəbəkələri üçün beynəlxalq standartlar əsasında informasiya təhlükəsizliyi siyasətinin tətbiqi, kibertəhlükəsizlik imkanlarının yüksəldilməsi, tərəfdaş təşkilatlar arasında bilik və bacarıqların qarşılıqlı paylaşılması, eləcə də bu sahə üzrə yeni təcrübələrin öyrənilməsi idi.
Tədbir çərçivəsində təhlükəsizlik siyasəti və idarəetməsi, məlumatların təhlükəsizliyinin monitorinqi, audit prosesi, məlumatların qorunması siyasəti, şəxsi məlumatların toplanılması və emalı və s. mövzularda açıq sessiyalar keçirilib, geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, GEANT tərəfindən ilk dəfə olaraq təşkil olunmuş bu təlimin mütəmadi olaraq müxtəlif üzv təşkilatlar üçün də keçirilməsi nəzərdə tutulur.