Müasir dövrdə məlumat təhlükəsizliyi və məxfilik həm təşkilatlar, həm də fərdlər üçün əsas prioritetə çevrilib. Belə ki, faylların paylaşılması üçün təhlükəsiz, etibarlı və şəffaf xidmətlərin tapılması mürəkkəb məsələdir. Əksər hallarda istifadəçilər faylları silsə belə, sonradan həmin faylların tamamilə itib-itmədiyini bilmirlər. Bu kimi hallar məlumat təhlükəsizliyi və məxfilik üçün risklər yaradır.
FileSender istənilən ölçülü faylları sürətli və təhlükəsiz şəkildə göndərmək üçün açıq mənbəli veb-proqramdır. Göndərən şəxs faylları müəyyən müddət ərzində qəbul edən şəxsin kimliyi və fayllara giriş üzərində tam nəzarətə malikdir.
İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzində də məlumat təhlükəsizliyi və məxfiliyin təmin olunması məqsədilə FileSender xidmətinin istifadəyə verilməsi ilə bağlı görülən işlər başa çatdırılıb.
Qeyd edək ki, cari ilin fevral ayında FileSender üzrə onlayn məlumat mübadiləsi keçirilib. 18 ölkədən 21 təşkilatın (15 Tədqiqat və Təhsil Şəbəkəsi daxil olmaqla) 35 nümayəndəsinin iştirak etdiyi onlayn iclasda institutu AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin baş mütəxəssisi Səməd Dursunov təmsil edib.