AMEA-nın vitse-prezidenti, AR Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev 4-9 iyun 2023-cü il tarixlərində Albaniyanın Tirana şəhərində keçirilən TNC 23 tədbirində iştirak edib.
AMEA Rəyasət Heyətinin iclasında səfərin nəticələri barədə hesabat verən akademik Rasim Əliquliyev bildirib ki, əsas təşkilatçısı GEANT Assosiasiyası olan TNC (Terena Networking Conference) 1990-cı ildən başlayaraq hər il bir ölkədə keçirilir. Tədbir dünya üzrə milli və regional tədqiqat və təhsil şəbəkələrini təmsil edən 60-a yaxın ölkədən, 800-ə yaxın iştirakçıdan ibarət auditoriyanı əhatə edir. TNC qərar qəbul edən şəxslər, şəbəkə və kibertəhlükəsizlik üzrə mütəxəssislər, tədqiqatçılar üçün əməkdaşlıq platforması təşkil edir.
Tədbir çərçivəsində rəqəmsal cəmiyyət, kibertəhlükəsizlik, Big Data analitikası, şəbəkə xidmətləri, e-infrastrukturlar, süni intellekt, Əşyaların İnterneti, elektron tibb, bulud həlləri, kvant texnologiyaları kimi mövzularda geniş müzakirələr aparılmışdır.
Akademik TNC 23 konfransı çərçivəsində GEANT Assosiasiyasının Baş Assambleyasının iclası, Şərq Tərəfdaşlığı ölkələrinin iştirakı ilə “EaPConnect” layihəsinin İdarə Heyətinin iclası, milli elm və tədqiqat şəbəkələrinin iştirakı ilə keçirilən xüsusi iclas, TNC 23 proqramı üzrə aktual problemlərə həsr olunmuş plenar toplantılar, o cümlədən təcrübə mübadiləsi məqsədilə təşkil olunmuş müxtəlif təlim seminarlarında iştirak etdiyini, həmin görüşlərdə tədbirdə təmsil olunan ölkələrlə iki və çoxtərəfli əlaqələrin inkişafına dair geniş fikir mübadiləsinin aparıldığını qeyd edib. Həmçinin nüfuzlu beynəlxalq qurumların məsul şəxsləri ilə görüşərək birgə elmi fəaliyyət və əməkdaşlıq perspektivlərinə dair müzakirələr apardığını vurğulayıb.
Sonra akademik Rasim Əliquliyev TNC 23 konfransı çərçivəsində irəli sürülən təşəbbüsləri iclas iştirakçılarının diqqətinə çatdırıb. Orta Asiya respublikalarının tədqiqat və təhsil şəbəkələrinin AzScienceNet üzərindən GEANT Assosiasiyasının müvafiq infrastrukturuna qoşulması və inteqrasiyası, GEANT-ın təşkilatçılığı ilə ölkəmizdə “Tədqiqat və təhsil şəbəkəsi infrastrukturunun imkanları və inkişaf perspektivləri” mövzusunda konfransın təşkili, yaxın gələcəkdə TNC beynəlxalq konfransının Azərbaycanda keçirilməsi, o cümlədən Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin Tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyasının yaradılmasına dair irəli sürülən mühüm təkliflər haqqında məlumat verib.