Tbilisi şəhərində Gürcüstanın Milli Elmi Kitabxanasında “Kitabxanalar elmi tədqiqatın vasitəçisi kimi” beynəlxalq seminarı keçirilib. “EaPConnect” layihəsi və Milli Elmi Kitabxananın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Rəhilə Həsənova və AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin baş mütəxəssisi Könül Əliyeva da iştirak ediblər.
Tədbir elmin inkişafında kitabxanaların rolu və funksiyasını vurğulamaq məqsədi daşıyır. Bundan əlavə, seminarın əsas hədəfi elmi ictimaiyyət üçün elektron infrastrukturların inkişafı üzərində işləyən və onları idarə edən müxtəlif ölkələrdən olan nümayəndələri bir araya gətirməkdir.
İki gün davam edən tədbirdə milli kitabxanaları, açıq elm, tədqiqat və təhsil şəbəkələrini təmsil edən gürcü və beynəlxalq ekspertlər aktual mövzuları əhatə edən təqdimatlarla çıxış ediblər. Seminarda Avropa Açıq Elm Buludu (European Open Science Cloud – EOSC), Açıq Elm (Open Science) mənzərəsində akademik kitabxanaların rolu, tədqiqat infrastrukturları üzrə milli əlaqələndirici məntəqə, milli elmi kitabxanalarda akademik xidmətlər, kitabxana portalları və tədqiqat bazalarına malik olan universitetlər üçün xüsusi xidmətlər, müasir elektron kitabxanaların qurulması, milli kitabxanalar tədqiqat və elmi informasiya mərkəzi kimi və s. mövzularda məruzələr dinlənilib.
İnstitutun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Rəhilə Həsənova “Azərbaycanda elektron kitabxana, elmmetriya və elmi informasiya” mövzusunda təqdimatla çıxış edib. O, Azərbaycanda fəaliyyət göstərən akademik və elektron kitabxanaların statistikası, eləcə də “AzLIC” konsorsiumu haqqında məlumat verib. Bundan əlavə, İnformasiya Texnologiyaları İnstitutunun Elmi informasiya və elmmetriya şöbəsi, onun Elektron kitabxana xidmətləri, Elmmetrik tədqiqatlar, Antiplagiat və DOI xidmətləri sektorlarının fəaliyyəti və yeni yaradılmış Elmi analitika xidməti haqqında məlumatı diqqətə çatdırıb. Təqdimat tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb, çoxsaylı suallar cavablandırılıb.
Tədbirin sonunda dəyirmi masa ətrafında müəllif hüquqlarının qorunması, yeni ideyalar əsasında beynəlxalq cəmiyyətin qurulması, müvafiq sahədə əməkdaşlıq perspektivləri və s. kimi məsələlər müzakirə olunub, bilik və təcrübə mübadiləsi aparılıb.