“EaPConnect” saytı: “AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin genişləndirilməsi işləri başa çatdırılıb” 2023-03-27 10:31:00 / MÜHÜM HADİSƏLƏR

“EaPConnect” saytında AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin genişləndirilməsi işlərinin başa çatdığına dair xəbər dərc olunub.

Məlumatda bildirilir ki, Azərbaycanın tədqiqat və təhsil icmasında istifadəçilərin tələblərinə uyğunlaşmaq üçün AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin texniki imkanlarını yenidən qurmaq, nəzərdən keçirmək və genişləndirmək zərurəti yarandığından bu istiqamətdə tədbirlər görülmüşdür. Mərkəzin sahəsi 35 kv.m-dən 140 kv.m-ə qədər artırılmış və burada daha güclü, yüksək tutumlu soyutma sistemi tətbiq olunmuşdur.

AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev qeyd edib ki, bu dəyişikliklər “EapConnect” layihəsinin 5 benefisiarından biri olan AzScienceNet şəbəkəsinə beynəlxalq elm və təhsil ictimaiyyətində milli tədqiqat və təhsil şəbəkəsi kimi fəaliyyətini genişləndirməyə imkan verəcək.

Babək Nəbiyevin sözlərinə görə, Mərkəzin genişləndirilməsi Azərbaycanın elm və təhsil ictimaiyyətinin Avropanın elm və təhsil mühitinə inteqrasiyasını asanlaşdıracaq və nəticədə Azərbaycanın daha çox universiteti və tədqiqat institutunun AzScienceNet-ə qoşulmasına, GEANT-ın məqsədyönlü və ekspert xidmətlərindən yararlanmasına şərait yaranacaq. Bu yenidənqurma işləri Şəbəkə İdarəetmə Mərkəzi ilə yanaşı, bütün təşkilatın təhlükəsizliyinin təkmilləşdirilməsində böyük rol oynayır. Bundan əlavə, AzScienceNet-in informasiya təhlükəsizliyi sistemləri ilə bağlı görülən işlər hazırda daha geniş imkanlar təqdim edir və Avropa standartlarına cavab verir.

eapconnect.eu

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024