AzScienceNet şəbəkəsi elektron elmin inkişafında mühüm rola malikdir 2023-01-07 12:00:00 / MÜHÜM HADİSƏLƏR

Elektron elmin əsas məqsədi elmin müasir tələblərə uyğun inkişaf etdirilməsi, onun idarə edilməsinin təkmilləşdirilməsi, respublikanın elmi qurumlarında İKT-nin geniş tətbiq olunması, vahid milli elmi informasiya fəzasının formalaşdırılması, informasiya təhlükəsizliyinin təmin edilməsi və bununla da elmi qurumların və alimlərin qarşılıqlı əlaqəsinə, elmi idarəçiliyin və tədqiqat işlərinin səmərəliliyinin yüksəldilməsinə, elmin bütün sahələrinin müasir beynəlxalq standartlar səviyyəsində inkişaf etdirilməsinə və dünya elmi məkanına inteqrasiyasına nail olmaqdır. Hazırda elektron elmin formalaşması və inkişaf etdirilməsi istiqamətində dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və məqsədyönlü dövlət siyasəti həyata keçirilməkdədir.

AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu da bu siyasəti rəhbər tutaraq, “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində 2022-ci ildə də elektron elmin texnoloji platforması olan AzScienceNet şəbəkəsinin infrastrukturunun genişləndirilməsi ilə bağlı işlər həyata keçirmişdir. Mərkəzdə elektron elmin informasiya təminatının formalaşdırılması işləri davam etdirilmiş, müxtəlif təyinatlı informasiya sistemləri, e-resurslar və veb-saytlar işlənilmişdir. AzScienceNet-in Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisə və təşkilatlarının informasiya resurslarının Data Mərkəzdə saxlanılması və hostinq xidmətlərinin dəstəklənməsi, istifadəçilərə e-xidmətlərin təqdim olunması, həmçinin Avropanın onlayn elm və təhsil mühitinə inteqrasiyası istiqamətində fəaliyyəti davam etdirilmişdir.

İnternetə çıxışı “Delta Telecom” provayderi vasitəsilə həyata keçirilən AzScienceNet şəbəkəsi ilə AMEA-nın institut və təşkilatlarının əməkdaşları genişzolaqlı internetlə təmin edilmiş, alim və mütəxəssislər mürəkkəb məsələlərin həllində hesablama gücü 21 Tflops-a bərabər olan virtual maşınlar və böyük həcmli yaddaş resurslarından istifadə imkanları əldə etmişlər. AzScienceNet-in xarici yaddaşının həcmi 768 Tbayta, internetə qoşulma sürəti 3,5 Gbit/san-yə çatdırılmış və 8000-ə yaxın kompüter şəbəkəyə qoşulmuşdur.

Tədris-İnnovasiya Mərkəzinin Distant Tədris Mərkəzində bir sıra regional elm və təhsil müəssisələrinə AzScienceNet şəbəkəsi vasitəsilə videokonfrans və distant xidmətlər göstərilir. AzScienceNet üzərindən AMEA-nın Naxçıvan və Gəncə bölmələri üçün çoxnöqtəli distant tədris xidmətinin istismarı həyata keçirilir. Bu şəbəkə vasitəsilə regionlarda distant tədris mərkəzlərinin yaradılması doktorant və dissertantların məsafədən təhsil alması, onlayn seminar və konfransların təşkili, Bakıya gələn mötəbər qonaqların və Nobel mükafatı laureatlarının bir araya toplanması, alimlər arasında ölkədaxili, həmçinin beynəlxalq əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün geniş imkanlar açır.

AzScienceNet dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə sıx əməkdaşlıq əlaqələri quraraq, bütün istifadəçilərinin dünyanın elm və təhsil şəbəkələrinin təqdim etdiyi imkanlardan yararlanmasına şərait yaradır. Belə ki, 2015-ci ildə Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyasına (GEANT) milli operator statusunda üzvlüyə qəbul olunmuş AzScienceNet elm-kompüter şəbəkəsi Azərbaycan elm və təhsilinin Avropa mühitinə inteqrasiyasının təmin edilməsində virtual körpü rolunu oynayır. Bu şəbəkə vasitəsilə AMEA-nın bütün elmi müəssisə və təşkilatlarına, eləcə də ölkənin müxtəlif ali məktəblərinə sürətli internet və qabaqcıl şəbəkə xidmətləri təqdim edilir.

AzScienceNet şəbəkəsi Avropa Komissiyasının maliyyələşdirdiyi, GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “EaPConnect: Eastern Partnership Connect” layihəsində ölkəmizi təmsil edir. Bu da yerli alim, tələbə və tədqiqatçıların qlobal tədqiqat və təhsil əməkdaşlığında iştirakının asanlaşdırılmasına şərait yaradır. Qeyd edək ki, layihənin həyata keçirilməsində əsas məqsəd Şərqi Avropa ölkələrini birləşdirən, yüksəksürətli regional elm və təhsil şəbəkəsinin yaradılması, onun Avropanın GEANT Elm və Təhsil Şəbəkəsinə inteqrasiyasının təmin olunması, həmin ölkələrin Avropanın elektron elm infrastrukturuna qoşulması, eləcə də Azərbaycanın elm və təhsil müəssisələrinin Avropanın müvafiq qurumları ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsidir.

AzScienceNet-də GEANT Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər cari ildə də davam etdirilmişdir. Belə ki, AzScienceNet-in əməkdaşları 28-29 sentyabr 2022-ci il tarixlərində Bakıda Avropa Komissiyasının təşkilatçılığı və AR Xarici İşlər Nazirliyinin dəstəyilə keçirilmiş “Şərq Tərəfdaşlığı çərçivəsində E-infrastrukturlar üzrə 5-ci beynəlxalq konfrans”da (The 5th Eastern Partnership E-infrastructures Conference – “EaPEC 2022”) fəal iştirak etmişlər. GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən bu mötəbər tədbir 50-yə yaxın ölkəni, o cümlədən müvafiq beynəlxalq təşkilatları və nüfuzlu xarici şirkətləri təmsil edən alim və mütəxəssisləri bir araya gətirmişdir.

Hazırda AzEduNet təhsil şəbəkəsinin GEANT-ın xidmətlərindən istifadəsi istiqamətində işlər aparılır. Belə ki, “EaPConnect” layihəsi çərçivəsində alınmış telekommunikasiya avadanlıqları quraşdırılmış və istismara verilmiş, eləcə də AzEduNet ilə AzScienceNet arasındakı əlaqə kanalından istifadə edilən kommunikasiya avadanlıqlarında 10 Gbit/san portlar aktivləşdirilmişdir. Həmçinin 3Gbit/san internet trafikindən səmərəli istifadə edilməsi istiqamətində işlər davam etdirilir.

2023-cü ildə də İnformasiya Texnologiyaları İnstitutunda, o cümlədən “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində elektron elmin maddi-texniki bazasının təkmilləşdirilməsi, elm və təhsilin inteqrasiyası, elmin səmərəsinin artırılması, beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi və s. istiqamətlərdə işlərin yerinə yetirilməsi nəzərdə tutulur.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024