İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov və baş mütəxəssis Oqtay Ələkbərov Çexiyanın Praqa şəhərində “Avropa Açıq Elm Buludu” (European Open Science Cloud – EOSC) mövzusunda keçirilən “EOSC 2022” beynəlxalq simpoziumunda iştirak ediblər. Gənc tədqiqatçılar beynəlxalq tədbir çərçivəsində keçirilən təlim və plenar iclaslarda EOSC-un məqsəd, xidmət və vəzifələrinə dair keçirilən müzakirələrdə öz fikirlərini bölüşüblər.
Tədbir çərçivəsində, eyni zamanda, AzScienceNet elm kompüter şəbəkəsinin Avropanın Açıq Elm Buludu layihəsində iştirakı məsələsinə baxılıb. Bildirilib ki, AzScienceNet şəbəkəsinin EOSC mühitinə inteqrasiyası tədqiqatçılarımızın beynəlxalq elm aləmində daha səmərəli fəaliyyət göstərməsinə imkan yaradacaq. EOSC-un alim və mütəxəssislərə elmi biliklərin qorunub saxlanması, idarə edilməsi və təhlili məqsədilə təklif etdiyi açıq xidmətlər yeni, innovativ biliklərin formalaşmasına təkan verəcək.
Qeyd edək ki, dünyanın müxtəlif dövlət təşkilatlarından, ali təhsil və elmi-tədqiqat mərkəzlərindən 500-dən çox nümayəndənin qatıldığı simpoziumda Avropa və onun hüdudlarından kənarda EOSC-nin əsas nailiyyətləri və strateji çağırışları, eləcə də müvafiq sahədə prioritetlər və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.