İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin 2022-ci il üzrə hesabatı müzakirə olundu.
Mərkəzin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev hesabatı təqdim edərək, cari il ərzində elmi-innovasiya fəaliyyəti çərçivəsində AzScienceNet şəbəkəsinin infrastrukturunun genişləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərdən söz açdı. AMEA-nın institut və təşkilatlarının yeni kompüterlərinin qoşulması, şəbəkə infrastrukturunun intellektual kommutatorlar əsasında yenidən qurulması, AMEA-nın qurumlarında Wi-Fi şəbəkəsinin və Eduroam xidmətinin yaradılması, Eduroam sisteminin Edugain sisteminə inteqrasiyası, eləcə də, təhlükəsizlik və monitorinq sisteminin, DATA Mərkəzin modernləşdirilməsi və texniki imkanlarının artırılması ilə bağlı həyata keçirilən tədbirləri diqqətə çatdırdı.
B.Nəbiyev cari ildə Fizika İnstitutunun şəbəkə infrastrukturunun genişləndirilməsi və CERN ilə informasiya mübadiləsi imkanlarının artırılması, AzScienceNet-in İnformasiya təhlükəsizlik sistemlərinin fəaliyyətinin təmin olunması ilə bağlı görülmüş işlərdən danışdı. Bildirdi ki, AzScienceNet-ə qoşulmuş bütün institut və təşkilatlarda İnternetə çıxış sürəti 1 GBit/san edilmişdir. EapConnect layihəsi çərçivəsində 8 ədəd intellektual kommutator quraşdırılmışdır. İnformasiya Texnologiyaları İnstitutu, Geologiya və Giofizika İnstitutu və AMEA-nın Əsas binasında 4 ədəd Wi-fi, Access Point quraşdırılmış və sazlanmışdır.
AzScienceNet-in GEANT şəbəkəsinə inteqrasiyası istiqamətində aparılan işlərdən bəhs edən Mərkəz rəhbəri AzEduNet təhsil şəbəkəsinin GEANT-ın xidmətlərindən istifadəsi istiqamətində işlərin aparıldığını, EapConnect layihəsi çərçivəsində alınmış telekommunikasiya avadanlıqlarının quraşdırıldığını və istismara verildiyini, eləcə də AzEduNet ilə AzScienceNet arasındakı əlaqə kanalından istifadə edilən kommunikasiya avadanlıqlarında 10 Gbit/san portların aktivləşdirildiyini dedi. Həmçinin 3Gbit/san. İnternet trafikindən səmərəli istifadə edilməsi istiqamətində işlərin görüldüyünü diqqətə çatdırdı.
AzScienceNet şəbəkəsində internet xidmətlərinin təşkili işləri çərçivəsində AzScienceNet üzərindən AMEA-nın Naxçıvan və Gəncə bölmələri üçün çoxnöqtəli distant tədris xidmətinin istismarının həyata keçirildiyini, AMEA-nın institut və təşkilatlarının Cloud Storage və Cloud Computing xidmətlərindən istifadəsinin təmin edildiyini söylədi.
B.Nəbiyev respublika ali təhsil müəssisələrinin AzScienceNet şəbəkəsinin xidmətlərindən istifadəsi istiqamətində tədbirlərin həyata keçirildiyini, AzEduNet şəbəkəsinə ötürülən internet trafikinin sürətinin 1 Gbit/san-dən 2 Gbit/san-yə çatdırıldığını dedi.
O, AzScienceNet şəbəkəsində təhlükəsizlik və monitorinqlə bağlı işlərin səmərəli aparılması üçün yeni proqram təminatının qurulmasının, eləcə də İnformasiya Texnologiyaları İnstitutunun jurnallarının beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı texniki tələblərin hazırlanmasının AzScienceNet şəbəkəsinin proqram təminatının yenilənməsi işləri çərçivəsində yerinə yetirildiyini qeyd etdi.
B.Nəbiyev AzScienceNet-də GEANT Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlərin cari ildə də davam etdirildiyini söylədi. Mərkəzin əməkdaşlarının bu təşkilat tərəfindən keçirilən müxtəlif tədbirlərdə və layihələlərdə, o cümlədən sentybar ayında Bakıda keçirilən “Şərq Tərəfdaşlığı çərçivəsində E-infrastrukturlar üzrə 5-ci beynəlxalq konfrans”ın (EaPEC 2022) təşkilində fəal iştirak etdiklərini vurğuladı.
O, elmi-pedaqoji, elmi-təşkilati fəaliyyət, elmi tədbirlərdə iştirak, tanınmış jurnallarda məqalələrin nəşri, əldə olunmuş nəticələrin KİV-də təbliği ilə bağlı məlumatları da iclas iştirakçılarının nəzərinə çatdırdı.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, Mərkəzin cari il üzrə fəaliyyətini yüksək qiymətləndirdi, AzScienceNet şəbəkəsinin infrastrukturunun genişləndirilməsi və inkişaf perspektivləri istiqamətində təklif və tövsiyələrini səsləndirdi.