AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin baş mütəxəssisi “EapConnect”in layihə iclaslarında iştirak edib 2022-10-21 16:13:00 / KONFRANSLAR

AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin baş mütəxəssisi Könül Əliyeva 10-12 oktyabr 2022-ci il tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə Xidmət portfellərinin idarə edilməsi üzrə Xüsusi Maraq Qrupunun (SIG-MSP) və “EapConnect”in layihə iclaslarında iştirak edib. Tədbirə Şərq tərəfdaşlığı ölkələrindən olan nümayəndələr və Xüsusi Maraq Qrupuna daxil olan şəxslər dəvət olunub.

İclasda layihə rəhbəri İrina Metyu (Irina Matthews) “EapConnect” layihəsi çərçivəsində görülən işlər haqqında məlumat verib. Şərq Tərəfdaşlığı ölkələrinin Tədqiqat və Təhsil şəbəkələrinin ümumi istifadəçiləri və onların istifadə etdiyi xidmətlər haqqında statistikanı tədbir iştirakçılarının nəzərinə çatdırıb. 

Sonra Milli tədqiqat və təhsil şəbəkələrinin davamlılığı, onların öz ölkələrində mövqeyinin gücləndirilməsi və bu istiqamətdə atılan addımlarla bağlı müzakirələr aparılıb.

Bildirilib ki, hər bir Tədqiqat və Təhsil şəbəkəsinin hədəf və perspektivləri fərqlidir. Milli Tədqiqat və Təhsil Şəbəkələrinin öz strategiyalarını inkişaf etdirməsi üçün ayrıca modelin olması, istifadəçilərin maraqlarının nəzərə alınması zəruridir. Bundan əlavə, həmin şəbəkələr Avropanın daha təcrübəli Tədqiqat və Təhsil Şəbəkələri ilə əlaqələri genişləndirməklə, mili və beynəlxalq səviyyədə əməkdaşlıq etməklə inkişafa nail ola bilərlər.

Müzakirələr zamanı, həmçinin xidmət portfelinin genişləndirilməsi və marketinq materiallarının inkişaf etdirilməsinin vacibliyindən bəhs olunub.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024