Sürətlə inkişaf edən informasiya texnologiyaları ölkəmizin elm və təhsil sistemi qarşısında yeni tələblər qoyur 2022-09-28 13:00:00 / KONFRANSLAR

Dünyada sürətlə inkişaf edən informasiya texnologiyaları ölkəmizin elm və təhsil sistemi qarşısında yeni tələblər qoyur. “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı” Azərbaycan elmi və təhsilinin inkişafı üçün böyük əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bu barədə konfransın açılış mərasimində elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib.

Nazir müavini Firudin Qurbanov Prezident İlham Əliyevin elm, təhsil və yüksəkixtisaslı, savadlı kadrların hazırlığı istiqamətində yürütdüyü siyasətdən danışıb. Vurğulayıb ki, bu sahədə həyata keçirilən uğurlu siyasətin nəticəsində artıq Azərbaycanda dünyanın nüfuzlu qurumlarının təşkilatçılığı ilə beynəlxalq elmi tədbirlərin keçirilməsi ənənəvi hal alıb.

O, belə bir nüfuzlu tədbirin keçirilməsinin Şərq Tərəfdaşlığı ölkələri arasında elm və təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi və gücləndirilməsi baxımından son dərəcə vacib olduğunu qeyd edib.

F.Qurbanov “EaPEC 2022”nin həm də Azərbaycan elmi və təhsilinin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından geniş imkanlar açacağına əminliyini söyləyib.

 
 
    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024