“5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı”nın əsas məqsədi müvafiq ölkələr arasında əməkdaşlığın genişləndirilməsi və bu dövlətlərin Avropaya inteqrasiyasının sürətləndirilməsidir. Ölkəmizin Avro-Atlantik məkana inteqrasiya olunması istiqamətində Azərbaycan dövləti tərəfindən uzun illərdir ki, ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir.
Bunu konfransın açılış mərasimində AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov söyləyib. Alim əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və növbəti inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib.
Akademik inteqrasiya prosesinin bütün fəaliyyət sahələrini, o cümlədən elm və təhsil kimi strateji istiqamətləri də əhatə etdiyini diqqətə çatdırıb.
Arif Həşimov xatırladıb ki, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında geniş spektrli əməkdaşlığın hüquqi əsası 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə qoyulub. 2004-cü ildən etibarən Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin yeni mərhələsi başlanıb. Azərbaycan Avropa İttifaqı ilə “Yeni Qonşuluq Siyasəti” Proqramı çərçivəsində texniki-maliyyə dəstəyi alıb. Avropa İttifaqından onun daxili bazarlarına çıxış kvotası, işçi, əmtəə, xidmət, investisiya-kapital resurslarının sərbəst dövriyyəsi imkanı əldə edib. 2005-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Azərbaycan Respublikasının Avropa İttifaqına inteqrasiyası üzrə dövlət komissiyası yaradılıb. Həmin komissiyanın qarşısına Avropa İttifaqı ilə siyasi, iqtisadi, nəqliyyat və enerji, hüquq, təhlükəsizlik, insan hüquqları və demokratikləşdirmə, humanitar, elm, təhsil və digər sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi vəzifəsi qoyulub.
2009-cu ildə Aİ tərəfindən “Şərq Tərəfdaşlığı” təşəbbüsü irəli sürülüb. Azərbaycan “Şərq Tərəfdaşlığı” Proqramının ən fəal iştirakçılarından biridir. Ölkəmiz bu proqram çərçivəsində Avropa İttifaqı ilə əlaqələrin inkişafına xidmət edən müxtəlif istiqamətli layihələr həyata keçirir. Bu sahədə artıq bir sıra nailiyyətlər əldə olunub. Həmin nailiyyətlərin mühüm hissəsi də məhz elm və təhsil sahələri ilə bağlıdır. Bu istiqamətdə əlaqələrimiz yüksələn xətt üzrə inkişaf etməkdədir.
“Bugünkü tədbirdə, verilən məlumatlara görə, 50-yə yaxın ölkəni, o cümlədən müvafiq beynəlxalq təşkilatları və nüfuzlu xarici şirkətləri təmsil edən alim və mütəxəssislər iştirak edir. Bu da konfransla bağlı böyük maraq və gözləntilərin olduğunu göstərir. Hesab edirəm ki, bu mötəbər konfrans azərbaycanlı alimlərə xarici həmkarları ilə birgə tədqiqatlar aparmağa, layihələr həyata keçirməyə və beynəlxalq elmi əməkdaşlığı möhkəmləndirməyə imkan verəcək”, – deyə akademik əlavə edib. Tədbirin yüksək səviyyədə təşkilinə görə təşkilatçılara minnətdarlığını bildirib, konfransın işinə uğurlar arzulayıb.