AMEA “Teknofest Azərbaycan” festivalında Azərbaycan elmini yüksək səviyyədə təmsil edir 2022-05-31 11:18:00 / MÜHÜM HADİSƏLƏR

Məlum olduğu kimi, mayın 26-da Bakıda “Teknofest Azərbaycan” festivalına start verilib. Festival çərçivəsində keçirilən sərgidə AMEA üçün də geniş sahəni əhatə edən xüsusi pavilyon ayrılıb.

Tədbirdə AMEA-da aparılmış uzunmüddətli tədqiqatların nəticəsi olan rəqabətədözümlü, intellektual texnoloji məhsulları nümayiş etdirmək üçün Akademiyanın 6 elmi-tədqiqat müəssisəsi və akademiyanın nəzdində fəaliyyət göstərən Yüksək Texnologiyalar Parkının (YTP) 5 rezidenti  iştirak edir.

Sərgidə AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov, AMEA-nın vitse-prezidenti, AMEA-nın “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı çərçivəsində təşkil olunan sərgidə iştirakı ilə bağlı İşçi qrupunun rəhbəri, akademik Rasim Əliquliyev, İşlər idarəsinin müdiri, professor Elton Məmmədov, Akademiyanın bir sıra elmi müəssisələrinin rəhbərləri və digər  məsul şəxslər AMEA-nın pavilyonuna baxış keçiriblər. 

Sərgidə VİP tur zamanı “BAYKAR Teknoloji” şirkətinin baş direktoru Haluk Bayraktar AMEA-nın pavilyonu ilə yaxından tanış olub, əldə olunan nailiyyətləri yüksək qiymətləndirib. Eləcə də Türkiyə Elmlər Akaemiyasının prezidenti, prof., Dr. Müzəffər Şəkər, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və digər elm və texnologiya sahəsi üzrə tanınmış nümayəndələr pavilyona baxış keçirib, təqdim olunan layihələrə maraqlarını ifadə ediblər. 

Akademik Rasim Əliquliyev AMEA pavilyonuna ziyarətçilər tərəfindən böyük diqqət göstərildiyini bildirib, pavilyonun bir çox xarici şirkətlərin böyük marağına səbəb olduğunu deyib. Qeyd edib ki, “Teknofest Azərbaycan” festivalı Azərbaycan elminin dünya elminə inteqrasiyasına böyük imkanlar açır və əməkdaşlıq əlaqələrinin yaradılmasında mühüm rol oynayır.

AMEA-nın pavilyonunda yer alan institutların, eləcə də AMEA Yüksək Texnologiyalar Parkının rəsmi nümayəndələri pavilyonu ziyarət edənlərə təmsil etdikləri müəssisələrin elmi və innovativ yenilikləri, əldə olunan son texnoloji nailiyyətlər, o cümlədən pilotusuz uçuş aparatları, robotlar, “ağıllı” qurğular, mikrosxemlər, mühərrik, hidravlika yağları və s. haqqında ətraflı məlumat veriblər.

Qeyd edək ki, “Teknofest” Aerokosmik və Texnologiya Festivalı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” – T3 Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir (indiyədək 4 dəfə təşkil olunub). Türkiyədən kənarda ilk “Teknofest” mayın 26-29-da Azərbaycanda, Bakı Kristal Zalı və ətrafındakı Dənizkənarı Bulvar ərazisində keçirilir.

science.gov.az

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024