AzScienceNet şəbəkəsi İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş tədbirə dəstək göstərib 2021-12-29 14:19:00 / MÜHÜM HADİSƏLƏR

Azərbaycanda “İnformasiya  Təhlükəsizliyi Günü”nün keçirilməsində əsas məqsəd informasiya təhlükəsizliyi sahəsində problemləri işıqlandırmaq, beynəlxalq ictimaiyyətin diqqətini kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi məsələlərinə cəlb etmək, bu sahədə aparılan tədqiqatlar və nailiyyətlər barədə məlumat verməkdir. Azərbaycanın milli tədqiqat şəbəkəsi AzScienceNet 29 noyabr 2021-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının  İnformasiya Texnologiyaları İnstitutunda İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş onlayn tədbirə dəstək verib.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev bildirib ki, müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı ilə bağlı meydana çıxan müxtəlif təhlükələr haqqında məlumatların paylanması onlara qarşı müəyyən tədbirlərin görülməsini zəruri etmişdir.

“Bu, bir ölkənin imkanları xaricindədir, ona görə də belə təhlükələrə qarşı beynəlxalq səviyyədə mübarizə aparmaq üçün müəyyən hüquqi, texnoloji və digər kompleks tədbirlərin görülməsi, biznes şirkətlərinin və beynəlxalq təşkilatların diqqətinin mövcud problemlərə cəlb edilməsi lazımdır”, - deyə alim qeyd edib.

AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev “Sənaye 4.0 çağırışları kontekstində kiber insidentlərin intellektual təhlilinin problemləri və həlli yolları” mövzusunda məruzə ilə çıxış edib. O, kibertəhlükəsizliyin yaranma tarixini, aktuallığını və əsas problemlərini açıqlayıb və bildirib ki, internet, şəbəkə və kompüter texnologiyaları, bütövlükdə kibermühitin cəmiyyətə və kritik infrastrukturlara nüfuz etməsi ciddi problemlərə gətirib çıxarıb:

“Kibertəhlükəsizliyin təmin edilməsi üçün bir çox addımlar atılmışdır ki, buraya texnoloji həllər, yəni proqram təminatları, kompleks avadanlıqları və qeyri-texnoloji həllər olan təlimatları aid etmək olar. Lakin bunların hər biri insan resursu tələb edir və ya birbaşa şəxslərə bağlıdır”.

İnstitutun baş elmi işçiləri və dosentləri Ramiz ŞıxəliyevLyudmila Suxostat və Fərqanə Abdullayeva “Sənaye idarəetmə sistemlərinin təhlükəsizliyinin monitorinqi” , “Kiberfiziki sistemlərdə anomaliyaların aşkarlanması üçün iyerarxik gizli Markov modelinə əsaslanan yanaşma” , “Bulud xidmətlərinə olan kiberhücumların aşkarlanması üçün əlamətlərin ranklaşdırılması üsulu haqqında” mövzuları ilə çıxış ediblər.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2022