İnformasiya Texnologiyaları İnstitutunda “NSC Soft” şirkətinin nümayəndələri ilə görüş keçirilib 2021-12-17 16:00:00 / GÖRÜŞLƏR

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Türkiyənin tanınmış “Network Security Center Soft” şirkətinin nümayəndələri ilə görüş keçirilib.

“NSC Soft” şirkətinin Bakı nümayəndəliyinin rəhbəri Serkan Zent çıxış edərək, təmsil etdiyi qurumun 2004-cü ildən fəaliyyət göstərdiyini və informasiya texnologiyaları sahəsində Türkiyənin ən qabaqcıl şirkətlərindən biri olduğunu bildirib. Hazırda dünyanın 40-dan çox ölkəsində müştərilərinin olduğunu söyləyən S.Zent qeyd edib ki, əsas hədəflərinin İKT bazarında məhsuldarlıqlarını artırmaq, kibertəhlükəsizlik istiqamətində müxtəlif həllər təqdim etməkdir. O, şirkətin Azərbaycanda kibertəhlükəsizlik sahəsində fəaliyyətini inkişaf etdirmək, eyni zamanda, rəqəmsal transformasiya prosesində qabaqcıl beynəlxalq təcrübəyə əsaslanaraq, zəruri addımların atılmasına dəstək olmaq niyyətində olduğunu vurğulayıb. S.Zent İKT sahəsində özəl təhsil akademiyasının yaradılması, peşəkar kadrların yetişdirilməsi, onların işlə təmin olunmasında, həmçinin tələbələrin təcrübə proqramlarına cəlb edilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətləri, əldə etdiyi nailiyyətlər, peşəkar elmi kadrların hazırlanması, texnoloji təchizatı və s. haqqında ətraflı məlumat verib.

Akademik R.Əliquliyev rəhbərlik etdiyi elmi qurumun beynəlxalq əməkdaşlıq münasibətlərindən də bəhs edib. Bildirib ki, institutun AzScienceNet elm-kompüter şəbəkəsi Azərbaycanın elm və təhsilinin Avropanın elm və təhsil mühitinə inteqrasiyasını təmin edən virtual körpü rolunu oynayır. Belə ki, AzScienceNet elm və təhsil şəbəkələri üzrə milli operator statusunda Avropa üzrə bütün elm və təhsil qurumlarına şəbəkə xidməti göstərən GEANT Assosiasiyasının üzvüdür. AzScienceNet elm-kompüter şəbəkəsinin Data Mərkəzində ölkənin elm və təhsil müəssisələrinə yüksək səviyyəli İnternet xidmətləri göstərilir. AMEA İnformasiya Texnologiyaları İnstitutu, həmçinin Avropa Birliyi tərəfindən maliyyələşdirilən, Şərq Tərəfdaşlığı ölkələrini elektron elm müstəvisində birləşdirən “EaPConnect” layihəsində Azərbaycanı təmsil edir.

Akademik kibertəhlükəsizlik sahəsində dövlət siyasətinin həyata keçirilməsi və milli strategiyanın hazırlanmasında institutun yaxından iştirak etdiyini nəzərə çatdırıb. Müvafiq sahədə qanunvericilik bazasının formalaşdırılmasının beynəlxalq əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsi üçün geniş imkanlar açacağını vurğulayıb.

R.Əliquliyev 2013-cü ildən başlayaraq, institutda müntəzəm olaraq ölkənin müvafiq dövlət qurumları, ali təhsil müəssisələri və AMEA-nın elmi-tədqiqat institutlarının informasiya texnologiyaları sahəsi üzrə aparıcı alim və mütəxəssislərinin iştirakı ilə informasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri üzrə konfransların keçirildiyini qeyd edib.

AMEA-nın vitse-prezidenti institutda kibertəhlükəsizlik sahəsində mövcud elmi-nəzəri problemlərin həlli istiqamətində fundamental tədqiqatların aparıldığını bildirib. Cari ilin oktyabr ayında NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramının dəstəyi, AMEA İnformasiya Texnologiyaları İnstitutu və Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin birgə təşkilatçılığı ilə “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda onlayn beynəlxalq konfransın keçirildiyini nəzərə çatdırıb. Qeyd edib ki, ölkəmizdə belə bir nüfuzlu tədbirin keçirilməsi NATO-nun Azərbaycan dövlətinə göstərdiyi etimadın məntiqi nəticəsi olmaqla yanaşı, həm də institutda uzun illər ərzində kibertəhlükəsizliyin müxtəlif aspektləri ilə bağlı aparılan tədqiqatların kompleks olaraq qiymətləndirilməsidir.

R.Əliquliyev, həmçinin Avropa Komissiyasının dəstəyi, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun iştirakı ilə keçiriləcək “Şərq Tərəfdaşlığı ölkələri üçün e-infrastrukturlar” V beynəlxalq konfransının hazırlıq işləri barədə məlumat verib. Bildirib ki, konfransda dünyanın 100-dən çox ölkəsini təmsil edən alim və mütəxəssislərin, qabaqcıl elmi mərkəzlərin nümayəndələrinin iştirakı gözlənilir. İnstitut direktorunun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Avropa İttifaqının Şərq Tərəşdaşlığı ilə əməkdaşlığa böyük əhəmiyyət verir, eyni zamanda, Avropa İttifaqına üzv dövlətlərin Azərbaycanla strateji tərəfdaşlıq əlaqələri mövcuddur.

“NSC Soft” şirkətinin fəaliyyətini yüksək qiymətləndirən alim institutun Türkiyə ilə elmi əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsinin əhəmiyyətindən söz açıb, Industry 4.0-ın yaratdığı reallıqlar kontekstində mövcud problemlərin həllinə bütün alimlərin elmi potensialının səfərbər edilməsinin zəruriliyini ön plana çəkib. İnstitutun dünyanın, o cümlədən Türkiyənin aparıcı alimləri ilə kibertəhlükəsizlik sahəsində elmi əməkdaşlığa hazır olduğunu bildirib.

Sonra institutla şirkət arasında müvafiq istiqamətlərdə əməkdaşlıq perspektivləri müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024