Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2006-cı il tarixli Sərəncamı ilə hər il 6 dekabr tarixi rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü qeyd olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İKT sektorunun, informasiya və biliklər iqtisadiyyatının inkişafını ölkəmizdə prioritet sahə elan edib. Azərbaycanda bu sahənin inkişafı ilə bağlı milli strategiyalar, strategi yol xəritələri, dövlət proqramları, qanunvericilik aktları qəbul edilib.
Vətəndaşlar İKT vasitələri ilə, eləcə də İnternet, kompüter, smartfon və s. avadanlıqlarla təmin edilir. Hazırda Azərbaycanının dövlət müəssisələrində, elm və təhsil sistemində, istehsal və xidmət sferalarında kompüterləşmə və İnternet təminatı səviyyəsi çox yüksəkdir. Bu göstəricilərə görə ölkəmiz dünyada yüksək yerlərdən birini tutur. Eyni zamanda, Azərbaycanda ailələrin böyük əksəriyyətində İnternetə qoşulmuş kompüterlər və digər qurğular mövcuddur. Əhalinin mobil telefonlarla təminolunma səviyyəsi isə 110%-dən çoxdur. Bu gün vətəndaşların böyük əksəriyyəti smartfonlardan istifadə edir. Bütün bunlar əhalinin maddi vəziyyətinin ilbəil yaxşılaşması ilə bağlıdır.
Dünyada ən dinamik inkişaf edən informasiya-kommunikasiya texnologiyaları sahəsi respublikamızda da prioritet sahə olmaqla, daim dövlət qayğısı ilə əhatə edilib. “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da və “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə sahənin inkişafı ilə bağlı konkret hədəflər müəyyən edilib.
Bu tədbirlərin nəticəsi olaraq, Azərbaycanda genişzolaqlı İnternet infrastrukturu inkişaf etdirilib, vətəndaşların təhlükəsiz, keyfiyyətli və ucuz İnternet xidmətlərindən istifadəsinin təmin olunması istiqamətində bir sıra layihələr həyata keçirilib. Görülən işlər nəticəsində artıq ölkə əhalisinin 80 faizindən çoxu İnternet istifadəçisidir. Bu da Azərbaycanda elektron xidmətlərin həcminin artmasına, vətəndaşların bu xidmətlərdən daha yaxşı istifadə etmələrinə gətirib çıxarır.
O cümlədən elektron dövlətin, elektron vətəndaşın inkişafı istiqamətində də bir sıra nailiyyətlər əldə olunub. Artıq vətəndaşlar bir sıra dövlət xidmətlərindən heç bir bürokratik əngəl, zaman, məkan problemi olmadan rahat şəkildə istifadə edə bilirlər. “Bir pəncərə” prinsipinə əsaslanan “Elektron Hökumət” portalının fəaliyyəti, “Asan Xidmət” modeli ölkəmizin bu sahədə uğurla həyata keçirilən və vətəndaş məmnunluğuna hədəflənən layihələrdir.
Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 yanvar tarixli fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs yaradılıb. Mərkəzin yaradılmasına əsas məqsəd qlobal iqtisadiyyatda cərəyan edən trendləri diktə edən, rəqabət qaydalarını dəyişən müasir proseslərdə Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və bu sahədə aparıcı ölkələr arasında yer almasının təmin edilməsidir.
Elm, təhsil, səhiyyə, bir sıra istehsal və xidmət sahələrində də İKT-nin tətbiqi, informasiyalaşdırma istiqamətində də mühüm nailiyyətlər əldə edilib.
Həmçinin kosmik sənayenin formalaşdırılması, biliklər iqtisadiyyatının əsasını təşkil edən yüksək texnologiyalar sektorunun inkişaf etdirilməsi sahəsində də mühüm addımlar atılıb. O cümlədən yüksək texnologiyalar üzrə müxtəlif profilli parklar yaradılıb və müvafiq investisiyalar cəlb edilib.
Azərbaycanın telekommunikasiya peyklərinin orbitə buraxılması, ölkəmizdə kosmik sənayenin formalaşdırılması dövlət başçısının güclü siyasi iradəsindən, uzagörənliyindən və yüksək iqtisadi potensialdan xəbər verir. Bununla, ilk növbədə, Azərbaycan özünün telekommunikasiya xidmətlərinə dair ehtiyaclarını ödəyir, informasiya məkanının suverenliyini, təhlükəsizliyini daha etibarlı şəkildə qoruya bilir. Eyni zamanda, süni peyklərin xidmətlərindən istifadə etməklə bir sıra iqtisadi məsələlərin effektli həlli üçün əvəzsiz imkanlar əldə edir.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun kollektivi rabitə və informasiya texnologiyaları sahəsində çalışan bütün işçiləri peşə bayramları münasibətilə təbrik edir, onlara işlərində müvəffəqiyyətlər arzulayır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.