AMEA İnformasiya Texnologiyaları İnstitutunda şöbələrin 2021-ci il üzrə hesabat iclasları davam edir.
Növbəti onlayn iclasda rəhbərlik etdiyi 3 saylı şöbənin hesabatını təqdim edən institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov cari ildə şöbədə aparılan elmi-tədqiqat işləri, keçirilmiş şöbə seminarları, respublika və beynəlxalq səviyyəli konfranslarda iştirak, tanınmış elmi jurnallarda məqalələrin nəşri və s. ilə bağlı görülmüş işlər haqqında ətraflı məlumat verdi.
R.Ələkbərov bulud sistemlərinin analizi və sintezi problemləri üzrə tədqiqatların aparıldığını bildirdi. Qeyd etdi ki, bu problem üzrə “Şəbəkə mühitində hesablama buludlarının sintezi və intellektual idarə edilməsi üçün metod və alqoritmlərin işlənməsi”, “Mobil hesablama buludlarının optimal sintezi üçün metod və alqoritmlərin işlənməsi”, “Industry 4.0 platformasında kiberfiziki sistemlərin analizi və sintezi problemləri”, “İnternet şəbəkəsi və superkompüter texnologiyalarının problemlərinin araşdırılması” və “Paylanmış hesablama sistemlərinin resurslarının səmərəli istifadəsində Enterprise Desktop Grid texnologiyalarının tətbiqi istiqamətində tədqiqat işlərinin aparılması” mövzuları üzrə müvafiq işlər yerinə yetirilmişdir.
Məruzəçi, həmçinin cari ildə “Proqramla idarə olunan (SDN – Software Defined Networking) şəbəkə texnologiyalarının tədqiqi”, “Green Computing texnologiyalarında meydana çıxan problemlər və onların həlli yolları”, “Simsiz şəbəkə texnologiyalarının müasir vəziyyəti və mövcud problemlərin araşdırılması”, “Süni intellekt sistemlərinin müasir vəziyyəti və mövcud problemlərin araşdırılması, tədqiqat metodlarının müqayisəli analiz edilməsi”, “Mobil hesablama buludlarının resurslarından səmərəli istifadə olunması metodlarının tədqiqi” mövzuları üzrə tədqiqatların davam etdirildiyini söylədi.
Şöbənin beynəlxalq elmi əməkdaşlıq əlaqələrindən söz açan məruzəçi Avropa üzrə bütün elm və təhsil qurumlarına şəbəkə xidməti göstərən GEANT assosiasiyası və Rusiya Elmlər Akademiyasının A.A.Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutunun Paylanmış Hesablamalar Mərkəzi ilə əməkdaşlıq münasibətlərinin, Everest və BOINC platformaları əsasında paylanmış hesablama sistemlərinin yaradılması istiqamətində birgə işlərin davam etdirildiyini bildirdi. NATO ilə elmi əməkdaşlıq münasibətlərinin qurulması ilə bağlı zəruri addımların atıldığını qeyd etdi, şöbə əməkdaşlarının “NATO Sülh və Təhlükəsizlik üçün Elm Proqramı” çərçivəsində kibermüdafiə üzrə qabaqcıl təlim kurslarında iştirakı haqqında məlumat verdi.
R.Ələkbərov şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri ilə bağlı görülən tədbirlər barədə məlumatı da seminar iştirakçılarının diqqətinə çatdırdı.
Hesabat ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.
Sonda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, şöbənin hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Akademik şöbə əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin gücləndirilməsi, aparılan elmi tədqiqatların daha da dərinləşdirilməsi, əldə olunmuş nəticələrin nüfuzlu elmi jurnallarda nəşr olunmasının zəruriliyini vurğuladı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.