AzScienceNet şəbəkəsində korporativ e-poçt sisteminin qurulması ilə bağlı müzakirələr aparıldı 2021-11-12 14:00:00 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları onlayn elmi seminarında AzScienceNet elm kompüter şəbəkəsində korporativ elektron poçt sisteminin yaradıması və istismarı haqqında müzakirələr aparıldı.

Məruzəni təqdim edən şöbənin mühəndis-proqramlaşdırıcısı Səməd Dursunov öncə “CommuniGate Pro”, “Zimbra”, “Axigen”, “HCL Notes” və s. kimi e-poçt proqram platformaları barədə məlumat verdi. “Microsoft Mail Exchange” haqqında danışan məruzəçi bildirdi ki, bu platforma “Microsoft” şirkəti tərəfindən 1993-cü ildə yaradılıb. Onun tərkib hissələrinə AD Domain Controller, AD Domain Controller reserve, Mail Exchange,  Mail Exchange reserve və Mail LoadBalancer daxildir.

O, diqqətə çatdırdı ki, AD Domain Controller - Windows Serverin kimlik doğrulama sorğularına cavab verən servisidir:  “Digər tərkib hissəsi olan Microsoft Mail Exchange Server məlumat mübadiləsi və birgə iş üçün nəzərdə tutulmuş proqramdır. İlk versiyası 1993-cü ildə “Microsoft” şirkəti tərəfindən hazırlanıb. Əsas funksiyalarına poçt məlumatlarının emalı və göndərilməsi, mobil qurğuların dəstəklənməsi, səsli məlumat sistemləri ilə inteqrasiya və s. daxildir. 

“Microsoft Mail Exchange” platforması haqqında ətraflı məlumat verən S.Dursunov qeyd etdi ki, onun digər tərkib hissəsi olan “Load Balancer” yük balanslaşdırma, resursların istifadəsini optimallaşdırmaq, sorğuların yerinə yetirilməsi müddətini azaltmaq kimi funksiyaları yerinə yetirir.

Tədqiqatçı e-poçtun spamlar, viruslar, şpion proqramlardan, fişinqdən və istənməyən kontentli məktublardan qorunması məqsədilə yaradılmış SpamTitan proqramını da seminar iştirakçılarının nəzərinə çatdırdı. Vurğuladı ki, onun əsas funksiyalarına ikiqat antivirus yoxlama, kontentin filtrlənməsi, avtomatik hesabatların çıxarılması, antivirus və antispam bazalarının avtomatik yenilənməsi və s. daxildir.

Məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

İnstitutun texnologiyalar üzrə direktor müavini, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov AzScienceNet elm kompüter şəbəkəsində korporativ elektron poçt sisteminin yaradılması ilə bağlı tövsiyələrini verdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024