AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti onlayn elmi seminar keçirildi. İnstitutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov çıxış edərək iclasın “Enerji istehsalında yaranan ekoloji risklər” mövzusuna həsr olunduğunu bildirdi.
Məruzəni şöbənin əməkdaşı Orxan Mehdiyev təqdim edərək öncə risk anlayışına aydınlıq gətirdi. Bildirdi ki, risk mümkün təhlükə hesab edilir, onun zəruri elementləri isə təhlükə və qeyri-müəyyənlikdir.
Sonra o, enerji sənayesində yarana biləcək risklərə nəzər salaraq qeyd etdi ki, Yer kürəsində genişmiqyaslı enerji istifadəsi yeni təhlükələrin ortaya çıxması ilə müşayiət olunur. Beləliklə, enerji ötürmə sistemlərinin işləməsi təbii (qasırğalar, fırtınalar, zəlzələlər) və texnogen qəzalar (kömür mədənlərində, dənizdəki neft platformalarında qəzalar, neft və qaz boru kəmərlərinin qırılması, elektrik şəbəkələrinin sıradan çıxması, terrorizm) riski ilə əlaqədardır.
Məruzəçi diqqətə çatdırdı ki, ekoloji risk təbii mühitdə mənfi dəyişikliklərin olma ehtimalı və ya bu dəyişikliklərin ətraf mühitə təsirindən yaranan mənfi nəticələrdir. Ekoloji risk, landşaftların və ekosistemlərin təbii fəaliyyətinin pozulması, təbii və iqtisadi sistemlərin davamlı inkişafı ilə əlaqələndirilir.
“Bərpa olunan enerji ekoloji cəhətdən təmiz enerjiyə aid olsa da, burada da müəyyən risklər mövcuddur. Bərpa olunan enerji mənbələrinin istifadəsi böyük təhlükə və risk yaratmır, buna baxmayaraq müvafiq hazırlıq tələb edir. Məsələn, yanğın nəticəsində külək turbinlərinin fəlakətli nəticələrə səbəb ola biləcək zədələnmə və ya tamamilə məhv edilməsi halları yarana bilər”, - deyə o əlavə etdi.
O.Mehdiyev söylədi ki, külək turbinlərinin zəifliyi, türbinin ölçüsündən və quraşdırıldığı yerdən asılı olaraq artır. Nümunə kimi Yaponiyada ildırım vurması nəticəsində baş verən yanğınla əlaqədar bir qış ərzində ən az 55 külək qurğusunun sıradan çıxdığını göstərmək olar.
Tədqiqatçı bildirdi ki, külək elektrik stansiyalarının digər zərərli xüsusiyyəti insan orqanizminə mənfi təsir göstərən, daimi depressiyaya, güclü və səbəbsiz narahatlığa səbəb olan olduqca sıx infrasonik səs mənbəyi olmasındadır. Çoxsaylı araşdırmalar onu göstərir ki, külək qurğularının yaratdığı bu səs-küyə əksər canlılar tab gətirə bilməyərək stansiya və ona bitişik ərazini tərk edirlər. Nəticədə, bu ərazilər həyat üçün yararsız hala düşür.
Su Elektrik Stansiyalarının yaratdığı ekoloji risklərdən söhbət açan O.Mehdiyev vurğuladı ki, onların ekosistemləri günü-gündən məhv etməsi nəticəsində şirin su çatışmazlığı problemi yarana bilər. Ümumilikdə bu stansiyaların tikintisi ekosistemlərin qurulmuş tarazlığını pozur.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparıldı, məruzəçi sualları cavablandırdı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.