Elmi seminar: “Sosial media əsasında demoqrafik targeting” 2021-11-06 11:00:00 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 3 saylı şöbəsinin növbəti onlayn elmi seminarı keçirildi. İnstitutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov seminarda “Sosial media əsasında demoqrafik targeting” mövzusunda müzakirələrin aparılacağını bildirdi.

Məruzəni şöbənin baş mütəxəssisi Oqtay Ələkbərov təqdim edərək bildirdi ki, “targeting” ingilis sözü olub “hədəf”, “məqsəd” anlamını ifadə edir. Qeyd etdi ki, “targeting” müəyyən kriteriyalara uyğun gələn auditoriyaya məzmun üzrə seçilmiş məlumatların ötürülməsidir. Burada məqsəd reklam elanlarının məhz həmin seçilmiş kütləyə çatdırılmasıdır.

Onun sözlərinə görə, “targeting” bir neçə proses keçir ki, buraya monitorinq, analiz, kontentin hazırlanması və reklamın yerləşdirilməsi daxildir. “Targeting”in növlərindən bəhs edən məruzəçi vurğuladı ki, bunlar tematik, məzmun, coğrafi, zaman, sosial demoqrafik və davranış “targeting”ləridir.

Sonra O.Ələkbərov sosial demoqrafik “targeting”dən söhbət açdı. Söylədi ki, “targeting”in bu növündə bir neçə kriteriyaya üstünlük verilir. Bunlar arasında yaş həddi, cins, ailə vəziyyəti, iş yeri, təhsili, maraq dairəsi və s. kriteriyalar var: “Yaş həddi, cins və ailə vəziyyəti demoqrafik "targeting"in ilkin şərtlərini təşkil edir. İlk növbədə, bu kriteriyalar üzrə axtarış aparılır. İstifadəçinin coğrafi mövqeyinə, təhsilinə, iş yerinə əsasən onların reklam kontenti formalaşdırılır”.

Tədqiqatçı sosial media əsasında “targeting”in təşkilinə də nəzər saldı. Bildirdi ki, sosial media əsasında “targeting”in təşkili üçün müəyyən kontentdən – şəkil, video, slayd şou və bannerdən istifadə olunur.

Sonda məruzəçi ona ünvanlanan sualları cavablandırdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020