NATO-nun dəstəyi ilə keçiriləcək beynəlxalq konfransa hazırlıqla bağlı müzakirələr aparıldı 2021-09-29 18:00:00 / KONFRANSLAR

Xəbər verdiyimiz kimi, 27-29 oktyabr 2021-ci il tarixlərində AMEA İnformasiya Texnologiyaları İnstitutunda NATO-nun dəstəyi ilə “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda onlayn beynəlxalq konfrans keçiriləcək. 3 gün davam edəcək tədbirdə ABŞ, Almaniya, Polşa, Avstriya, İsveç, Türkiyə, Macarıstan, Estoniya və Gürcüstanın müvafiq sahə üzrə aparıcı alim və mütəxəssislərinin iştirakı nəzərdə tutulur.

İnstitutun Elmi şurasının iclasında bu qurumun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov NATO-nun dəstəyi ilə keçiriləcək “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” beynəlxalq konfransına hazırlıq üzrə Tədbirlər Planını təqdim etdi.

Beynəlxalq konfransa hazırlıq vəziyyətindən söz açan məruzəçi hər iki tərəfin nümayəndələrindən ibarət müvafiq işçi qruplarının tərkibi və vəzifələri barədə məlumat verdi. Konfransın onlayn açılışı ilə bağlı ssenari, dəvət olunacaq əsas qonaqların və məruzəçilərin siyahıları təqdim etdi.

R.Ələkbərov konfrans ərzində və konfransdan sonra həyata keçirilməsi zəruri olan tədbirlər haqqında da məlumat verdi. Konfransa institut əməkdaşları tərəfindən təqdim olunacaq məqalələrin hazırlanması, ilkin proqram, tədbirin materiallarının “NATO Science Series”də nəşrinin təmin edilməsi, eləcə də kütləvi informasiya vasitələri ilə işin təşkili istiqamətində görülən işləri diqqətə çatdırdı.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev  NATO-nun dəstəyi ilə keçiriləcək beynəlxalq konfransın rəhbərlik etdiyi institutun uzun illər ərzində formalaşdırdığı beynəlxalq əməkdaşlıq, dünya elminin tələblərinə cavab verən, prioritet istiqamətlərdə aparılan tədqiqatlar, eləcə də Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin Kibertəhlükəsizlik Bölməsi ilə mövcud olan elmi əlaqələrin məntiqi nəticəsi olduğunu vurğuladı.

Akademikin fikrincə, ölkəmizdə belə bir nüfuzlu tədbirin keçirilməsi NATO-nun Azərbaycan dövlətinə, onun apardığı siyasətə, eləcə də AMEA-ya olan etimadının göstəricisidir. Akademik rəhbərlik etdiyi institutun alim və mütəxəssislərini belə bir nüfuzlu konfransda fəal iştirak etməyə, tədbirin mövzusuna uyğun olaraq, prioritet isiqamətlərdə aparılan elmi tədqiqatlara dair məruzələr təqdim etməyə çağırdı.

Çıxışının sonunda AMEA-nın vitse-prezidenti “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda onlayn beynəlxalq konfransa hazırlıq işlərinin sürətləndirilməsini tövsiyə etdi, məsul şəxslərə bir sıra tapşırıqlar verdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024