Bulud sistemlərinin analizi və sintezi problemləri araşdırılır 2021-07-08 18:00:00 / ELMİ İCLASLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunda şöbələrin 2021-ci il üzrə yarımillik hesabat iclasları davam etdirilir. Rəhbərlik etdiyi 4 saylı şöbənin hesabatını təqdim edən institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov cari ildə şöbədə aparılan elmi-tədqiqat işləri, təşkil edilmiş şöbə seminarları, respublika və beynəlxalq konfranslarda məruzələr, tanınmış elmi jurnallarda məqalələrin nəşri və s. ilə bağlı görülmüş işlər haqqında ətraflı məlumat verdi.

R.Ələkbərov bulud sistemlərinin analizi və sintezi problemləri üzrə tədqiqatların aparıldığını bildirdi. Qeyd etdi ki, cari ildə şöbədə “Şəbəkə mühitində hesablama buludlarının sintezi və intellektual idarə edilməsi üçün metod və alqoritmlərin işlənməsi”, “Mobil hesablama buludlarının optimal sintezi üçün metod və alqoritmlərin işlənməsi”, “Industry 4.0 platformasında kiberfiziki sistemlərin analizi və sintezi problemləri”, “Əşyaların İnterneti texnologiyalarında şəbəkə resurslarından səmərəli istifadə üçün metod və alqoritmlərin işlənməsi”, “İnternet şəbəkəsi və superkompüter texnologiyalarının problemlərinin araşdırılması”, “Verilənlərin emalı mərkəzində virtual maşınların və hesablama klasterlərinin yaradılması üçün metod və alqoritmlərin işlənməsi”, “Paylanmış hesablama sistemlərinin resurslarının səmərəli istifadəsində Enterprise Desktop Grid texnologiyalarının tətbiqi istiqamətində tədqiqat işlərinin aparılması”, “Proqramla idarə olunan (SDN - Software Defined Networking) şəbəkə texnologiyalarının tədqiqi” mövzuları üzrə araşdırmalar davam etdirilmişdir.

Alim, həmçinin Green Computing texnologiyalarında meydana çıxan problemlər və onların həlli yolları, simsiz şəbəkə texnologiyalarının müasir vəziyyəti və mövcud problemlərin araşdırılması, süni intellekt sistemlərinin müasir vəziyyəti və mövcud problemlərin araşdırılması, tədqiqat metodlarının müqayisəli analiz edilməsi, mobil hesablama buludlarının resurslarından səmərəli istifadə olunması metodlarının tədqiqi istiqamətində elmi araşdırmaların aparıldığını diqqətə çatdırdı.

Şöbənin beynəlxalq elmi əməkdaşlıq əlaqələrindən söz açan məruzəçi Avropa üzrə bütün elm və təhsil qurumlarına şəbəkə xidməti göstərən GEANT Assosiasiyası və Rusiya Elmlər Akademiyasının A.A.Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutunun Paylanmış Hesablamalar Mərkəzi ilə əməkdaşlıq münasibətlərinin, Everest və BOINC platformaları əsasında paylanmış hesablama sistemlərinin yaradılması istiqamətində birgə işlərin davam etdirildiyini nəzərə çatdırdı.

R.Ələkbərov şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri ilə bağlı görülən tədbirlər barədə də məlumat verdi.

AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin hesabatı ilə bağlı tövsiyələrini səsləndirdi. Akademik şöbə əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin gücləndirilməsinin və aparılan tədqiqatların daha da dərinləşdirilməsinin zəruriliyini vurğuladı.

Hesabat ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

Elmi şuranın qərarı ilə şöbənin 6 aylıq hesabatı təsdiq olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020