Ultra-Wide Band ultra genişzolaqlı siqnallardan istifadə edən simsiz şəbəkə texnologiyasıdır 2021-07-02 14:00:00 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 4 saylı şöbəsinin növbəti onlayn elmi seminarı keçirildi. İnstitutun texnologiyalar üzrə direktor müavini, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov seminarda “Ultra-Wide Band texnologiyası: perspektivləri və arxitekturası” mövzusunda müzakirələrin aparılacağını bildirdi.

Məruzəni təqdim edən institutun elmi işçisi Kamran Cəfərzadə nəzərə çatdırdı ki, UWB (Ultra-Wide Band) — Ultra-Geniş Bant az enerji istehlaklı və son dərəcədə aşağı spektral güc sıxlığı olan ultra genişzolaqlı siqnallardan istifadə edən simsiz şəbəkə texnologiyasıdır.

UWB-nın qısa tarixindən danışan K.Cəfərzadə qeyd etdi ki, ultra genişzolaqlı radiorabitə ilə bağlı araşdırmalar 1940-cı ildə başladı və 1960-1990-cı illərdə bu texnologiya ordular tərəfindən radarlarda, görüntülərin ötürülməsində və yüksək səviyyədə qorunan gizli rabitə sistemlərində istifadə edilirdi:

“2018-ci ildə ultra genişzolaqlı texnologiyanın inkişafı və IEEE 802.15.4z standartının yaradılması məqsədilə “UWB Alliance” ittifaqı quruldu. Onun qurucuları arasında “Apple”, “Hyundai”, “Kia”, “Zebra”, “Decawave”, “Alteros”, “Novelda” və “Ubisense” kimi şirkətlər var”.

O, ultra genişzolaqlı simsiz radiorabitənin geniş spektrdə qısa siqnal impulsları göndərdiyini, bu standart, hazırda rabitə üçün 3 və 10 GHz arasında mövcud olan ən geniş tezlik diapazonundan istifadə edir. Bu, məlumatların bir anda bir sıra tezlik kanalları üzərində ötürülməsi deməkdir.

“Geniş siqnal bir neçə metrə qədər məsafədə 480 Mbit/s-ə qədər yüksək simsiz məlumat sürətini dəstəkləməyə imkan yaradır. Daha uzaq məsafələrdə məlumat ötürmə sürəti əhəmiyyətli dərəcədə azalır. Yayılmış spektrlə müqayisədə, ultrabandın geniş spektrli istifadəsi eyni tezlik diapazonunda digər ötürülmələrə mane olmur”, - deyə əlavə etdi.

Məruzəçi UWB-nin əsas üstünlüklərindən də söz açdı. Qeyd etdi ki, buraya məlumatın yüksək ötürmə sürəti, obyektlərin yerini 2 sm dəqiqliklə yerli olaraq təyin edilməsi, məlumat təhlükəsizliyin yüksək səviyyədə təmin olunması, daha az enerji sərfiyyatı aiddir.

O, həmçinin UWB və digər simsiz şəbəkə texnologiyalarının spektral sıxlığı, Siqnalın  Uçuş Vaxtının (ToF) hesablanması, Siqnalın Uçuş Vaxtının (ToF)  hesablanması, “Car-Key”  texnologiyası, UWB-ni  dəstəkləyən  mobil  cihazlar haqqında məlumat verdi.

Sonda məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

Şöbə müdiri Rəşid Ələkbərov çıxış edərək mövzunun müasir dövrümüzdə böyük aktuallıq kəsb etdiyini bildirdi. Ultra-Wide Band texnologiyasının perspektivləri və arxitekturası ilə bağlı tədqiqatların dərindən araşdırılmasının, beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini qeyd etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024