“Ağıllı kənd”lər alternativ enerji mənbələri ilə təmin ediləcək 2021-06-12 18:00:00 / MARAQLI MƏLUMATLAR

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir. İşğaldan azad edilmiş ərazilərimizdə də müvafiq istiqamətdə işlərə başlanılıb. Belə ki, Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən “ağıllı kənd” pilot layihəsinin əsas komponentlərindən biri də alternativ enerji sahələridir. Bu layihəyə əsasən, bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək.

Bunu AZƏRTAC-a açıqlamasında AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Orxan Mehdiyev söyləyib.

İnstitutun əməkdaşı deyib ki, işğaldan azad olunmuş ərazilərimizin turizm potensialını nəzərə alaraq, Qarabağın ekoloji tarazlığının qorunub saxlanılması üçün elektrik enerjisi istehsalında əsasən günəş, külək stansiyalarından və kiçik çaylarda quraşdırılmış su elektrik stansiyalarından istifadə olunması fayda gətirəcək. Azərbaycanın iqlim şəraitində günəş və külək stansiyalarının faydalı iş əmsalları yüksək olacaq. Eyni zamanda, qeyd olunan stansiyalar lokal, istehlakçılara yaxın yerlərdə yerləşdirildiyi üçün elektrik enerjisinin onlara çatdırılması çox asan üsullarla həyata keçirilə bilər.

Ümumiyyətlə, son illər dünyanın bir çox şəhərlərində küçə, park, idarə və təşkilat, yaşayış və ətraf ərazilərdə elektrik enerjisinə qənaət edən və ekoloji cəhətdən təhlükəsiz işıqlandırma vasitələrinə üstünlük verilir. Közərmə, civə əsaslı lüminessent lampaları və digər süni işıq mənbələrindən istifadəyə isə qadağa qoyulur. Bu qadağaların geniş tətbiqi enerji xərclərinin azaldılması, resurslardan effektiv istifadə və səmərəli texnologiyaların tətbiqi məqsədlərinə xidmət edir. Bu gün işıqlanmada işıq-diod lampalarının tətbiqinə cüzi vəsait qoymaqla sərf olunan elektrik enerjisinin 80 faizinə qənaət etmək mümkündür. Bu təcrübədən işğaldan azad olunmuş ərazilərimizdə salınacaq “ağıllı şəhər” və “ağıllı kənd”lərdə də istifadə oluna bilər.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024