İşğaldan azad edilmiş ərazilərdə “ağıllı xəstəxana”lar əhaliyə keyfiyyətli tibbi xidmətlər göstərilməsini təmin edəcək 2021-06-08 17:00:00 / MARAQLI MƏLUMATLAR

Azərbaycanda səhiyyə sisteminin daha da inkişafı, əhalinin dünya standartlarına uyğun tibbi yardımla təmin olunması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Bu sahədə islahatların mühüm istiqamətlərindən biri də informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiq edilməsidir. Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də sağlamlığın və uzunömürlülüyün ölkədə səhiyyə sisteminin keyfiyyətindən birbaşa asılı olacağı bildirilir. Həmçinin qeyd olunur ki, müasir innovasiyaların səhiyyədə tətbiqi sahəsində yüksək nəticələr əldə edilməklə, keyfiyyətli səhiyyə xidmətlərinin milli gəlirin yaranmasında payı artırılmalıdır.

Bu barədə AZƏRTAC-a AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Oqtay Ələkbərov məlumat verib. O vurğulayıb ki, dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərin ən müasir texnologiyalara əsaslanan “ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyaları əsasında bərpa olunacağını dəfələrlə bəyan edib. “Ağıllı şəhər” və “ağıllı kənd”lərin əsas elementlərindən biri də “ağıllı xəstəxana”lardır. Həmin ərazilərdə quraşdırılacaq “ağıllı xəstəxana”lar əhaliyə daha keyfiyyətli tibbi xidmətlər göstərilməsini təmin edəcək.

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı qeyd edib ki, “ağıllı xəstəxana”larda binanın xüsusiyyətindən tutmuş xəstələrin qəbuluna, müayinəsinə, diaqnozuna və müalicəsinə qədər ağıllı texnologiyalardan istifadə ediləcək.

Müsahibimiz “ağıllı xəstəxana” üçün tələb olunan şərtlər sırasında “ağıllı bina”, “ağıllı təchizat”, süni intellekt əsasında qurulmuş avtonom idarəetmə sistemləri, robot-kompüter dəstəkli cərrahi otaqlar və rəqəmsal əczaçı platformasının vacibliyini diqqətə çatdırıb. Vurğulayıb ki, “ağıllı xəstəxana”lar insanlara yüksək səviyyədə xidmət göstərməklə yanaşı, xəstələrin müraciəti zamanı yaranan vaxt itkisini də aradan qaldıracaq.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024